Rövnəq Abdullayev: “Azəri-Çıraq-Günəşli”nin işlənməsinə 41 milyard dollar yatırılıb"
“Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqları blokunun işlənməsinə yatırılan vəsaitin həcmi 41 milyard dollardan artıq olub.
1news.az-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil & Gas”) konfransında çıxışı zamanı SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, AÇQ-dən 2024-cü ilə qədər (2024-cü ildə AÇQ üzrə müqavilənin müddəti başa çatır – red.) 5 mlrd. barrel neftin çıxarılması nəzərdə tutulur. Gələcəkdə isə layihə üzrə yeni texnologiyaların tətbiqi sayəsində həmin yataqdan daha 4 mlrd. barrel “qara qızılın” alınması planlaşdırılır.
R.Abdullayev qaz hasilatı ilə bağlı da məlumat verərək qeyd edib ki, son 10 ildə Azərbaycanda qaz hasilatı 4 dəfə artırılaraq ildə 29 mlrd. kubmetrə çatdırılıb:
“SOCAR-ın “Azneft” İstehsalat Birliyi bu vaxta qədər 49 yatağın işlənməsini həyata keçirib. 2016-2017-ci illərdə 81 quyunun qazılması üçün 9 özülün əsası qoyulacaq. Ekoloji tədbirlər nəticəsində əlavə 281 milyon kubmetr səmt qazı əldə olunub. Gələcəkdə illik qaz hasilatını 40 milyard kubmetrə çatdırmaq imkanımız var”.
1news.az