Azərbaycanlı deputatın sədrliyi ilə Parisdə AŞPA-nın komitə iclası keçirilib
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə komitənin iclası keçirilib.
Avropa Şurasının Parisdəki ofisində keçirilən iclasda iki məruzə layihəsi müzakirə edilib və “Yunanıstanda qaçqınlar təhlükədədir” adlı məruzə qəbul olunub.
Komitə iclasında qaçqın və miqrantların həyat şəraitindən narahatlıq ifadə olunub, onun normadan çox aşağı olduğu vurğulanıb. Həssas qrupdan olan insanların, xüsusilə də qadın və uşaqların zorakılığa, istismara məruz qalma risklərinin yüksək olduğu bildirilib.
İclasda uzun və intensiv müzakirələrdən sonra qaçqınların və miqrantların əsas hüquqlarına riayət edilməsinin təmin olunmasını, mövcud problemlərin həlli istiqamətində yunan hakimiyyət dairələrinin və cəmiyyətinin səylərini dəstəkləməyi, təkcə Yunanıstanda deyil, eləcə də Avropada qlobal problem kimi tanınmalı olan bu böhrana cavab olaraq Avropa ölkələri arasında həmrəyliyi möhkəmləndirməyi nəzərdə tutan ilkin qətnamə layihəsi qəbul olunub.
AZƏRTAC