Müdafiə Nazirliyi: Sutka ərzində atəşkəs rejimi 24 dəfə pozulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəsi yenidən pozublar.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata əsasən, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 24 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində, Noyemberyan rayonunun Voskevan, Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım və Kəmərli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
1news.az