Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavinini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
E.Məmmədyarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4-cü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri və keçirdiyi ikitərəfli görüşlərin münasibətlərin inkişafına əsaslı töhfə verdiyini vurğuladı. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi.
B.Brink ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini deyərək iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd etdi. O, ABŞ-ın iqtisadiyyatın şəxaləndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən regional nəqliyyat infrastrukturu layihələrini dəstəklədiyini bildirdi.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.
1news.az