AŞPA komitəsində keçirilən səsvermədə azərbaycanlı deputat erməni parlamentariyə qalib gəlib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclası keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyevanın yaz sessiyasında təqdim etdiyi sənəd Büroda təsdiq olunaraq komitəyə göndərilib.
Komitənin bugünkü iclasında azərbaycanlı deputatın təklif etdiyi sənədlə bağlı məruzənin hazırlanması qərara alınıb. Məruzənin hazırlanması üçün Sevinc Fətəliyevanın namizədliyi irəli sürülüb. Ancaq erməni deputat Naira Karapetyan məruzələrin həmişə eyni şəxslər tərəfindən hazırlandığına etiraz edərək öz namizədliyini irəli sürüb. Komitə iki namizəd olduğu üçün səsvermə keçirib.
Sevinc Fətəliyeva 12 səs lehinə, 6 səs əleyhinə olmaqla erməni deputata qalib gəlib və məruzənin hazırlanması azərbaycanlı parlamentariyə həvalə olunub.
1news.az