AMEA ilə İtaliyanın Milli Elmi Şurası arasında əməkdaşlıq sazişi imzalanıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

AMEA ilə İtaliyanın Milli Elmi Şurası arasında əməkdaşlıq sazişi imzalanıb – FOTO

20:13 - 24 / 06 / 2016
AMEA ilə İtaliyanın Milli Elmi Şurası arasında əməkdaşlıq sazişi imzalanıb – FOTO

AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri davam edir.

AMEA-dan 1news.az-a verilən məlumata görə, iyunun 23-də İtaliyanın Milli Elmi Şurasının (CNR) rəhbəri və İdarə Heyətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, Ukrayna Elmi Texnoloji Mərkəzinin Azərbaycanda təmsilçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev, Azərbaycan Respublikasının İtaliyadakı səfiri Məmməd Əhmədzadə, səfirliyin birinci katibi Erkin Heydərli, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İtaliyada təmsilçisi Sandro Teti, CNR-in prezidenti, professor Massimo İnquskio, CNR-ın Yer Elmləri Departamentinin direktoru, professor Enriko Boldrini, Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante və İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti, xanım Manuela Traldi iştirak ediblər.

Əsas məqsəd CNR ilə AMEA arasında mövcud olan elmi əməkdaşlıq sazişinin yenilənməsi, 2011-ci ildən indiyədək iki qurumun birgə elmi layihələrinin nəticələrinin müzakirəsi idi.

Müzakirələr zamanı, İtaliyanın elmi müəssisələri ilə AMEA-nın institut və təşkilatları arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Akademik Akif Əlizadə müasir çağırışları özündə əks etdirən, AMEA-nın elmi prioritet istiqamətləri üzrə (kök hüceyrələr “stem cells”, InSAR peyk texnologiyasının Azərbaycanın Yer elminə geniş tətbiqi və s.) layihələrin genişləndirilməsinin zəruriliyini qeyd edib, AMEA-nın Yer Elmləri Bölməsinə müvafiq tapşırıqlarını verib.

Elmi əməkdaşlıq sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və CNR-in prezidenti, professor Massimo İnquskio, Əməkdaşlıq proqramı isə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante arasında imzalanıb.

Sonda hər iki qurumdan olan nümayəndələr bir-birinə hədiyyələr təqdim edərək, xatirə şəkilləri çəkdiriblər.

1news.az

 

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər