CAR-ın nümayəndə heyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Cənubi Afrika Respublikasının (CAR) kiçik biznesin inkişafı nazirinin müavini Elizabet Thabethenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə deputat Qənirə Paşayeva Azərbaycanın Cənubi Afrika Respublikası ilə bütün istiqamətlərdə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Qənirə Paşayeva ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və Azərbaycan həqiqətləri barədə danışıb.
Milli Məclisin deputatı Cənubi Afrikanın Respublikasının nümayəndə heyətinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, yüz minlərlə qadın daxil olmaqla, bir milyondan çox azərbaycanlının Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi barədə məlumat verib. O, Ermənistanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə qayıtmasına imkan vermədiyini diqqətə çatdırıb.
Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd münasibət göstərməməli, buna qarşı etiraz səslərini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz doğma yurdlarına qayıtmaları üçün səylərini artırmalıdırlar.
Milli Məcllisin deputatı CAR-ın kiçik biznesin inkişafı nazirinin müavininə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycanın tarixi və mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin işğal altında olan ərazilərində törədilən vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların məhv edilməsi ilə bağlı materiallar, “Azərbaycan həqiqətləri” filmləri kataloqunu təqdim edib.
Ölkələrimiz arasında qarşılıqlı dəstəyin vacibliyinə diqqət çəkən Cənubi Afrika Respublikasının kiçik biznesin inkişafı nazirinin müavini Elizabet Thabethen ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb.
Sonda geniş fikir mübadiləsi aparılıb.
AZƏRTAC