Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

16:14 - 08 / 07 / 2016
Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 20-40, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, iyulun 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 235 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 143 m3/s olmaqla ongünlük normanın 48 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 12 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 193 m3/s olmaqla, ongünlük normanın 132 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 27 m3/s təşkil edərək ongünlük normanın 18 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, iyulun 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 1,  Bankədə 2 sm azalma qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 322 sm (2015-ci il iyulun 8-də 320 sm), Salyanda 82 sm (2015-ci il iyulun 8-də 85 sm), Bankədə 176 sm (2015-ci il iyulun 8-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2015-ci il iyulun 8-də 41 sm) təşkil edir. 

1news.az

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər