IDEA “Təmiz Kür!” şüarı altında təmizlik aksiyası keçirib - FOTO
30 iyun 2016-cı il tarixində IDEA İctimai Birliyi (İB), dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli “Blue Marine Foundation” (BMF) təşkilatı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayının deltasında, Neftçala rayonu ərazisində “Təmiz Kür” adlı təmizlik aksiyası təşkil edilmişdir.
İB-dən 1news.az-a verilən məlumata əsasən, aksiyada IDEA İctimai Birliyinin 100-ə yaxın könüllüsü, yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
IDEA tərəfindən sanitar normalara uyğun ləvazimatlarla təchiz olunmuş gənclər Kür çayının sahillərini müxtəlif məişət tullantıları və yararsız balıqçılıq torlarından təmizləmişlər. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilmişdir.
Aksiyanın əsas məqsədi Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə Xəzər faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi olmuşdur.
“Təmiz Kür” aksiyası IDEA-nın Xəzər dənizinin faunasının bərpası proqramı çərçivəsində təşkil edilmişdir. Məlumdur ki, ətraf mühit problemlərinin aradan qaldırılmasında normativ və institusional tədbirlərlə yanaşı, ictimai aksiya və maarifləndirmə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Bunu nəzərə alaraq, IDEA İctimai Birliyi tərəfindən yerli və beynəlxalq tərəfdaşlar ilə birlikdə mütəmadi olaraq Xəzər dənizinin bioresurslarının qorunub saxlanılması, artırılması və mühafizəsi məqsədilə Xəzər sahillərində, o cümlədən çaylarda bu cür təmizlik aksiyaları təşkil edilir.
IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün şəxslərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir. İctimai Birlik hər kəsi təbiətə, flora və faunamıza qarşı diqqətli olmağa, o cümlədən Xəzər dənizinin və çayların sahillərini təmiz saxlamağa çağırır.
1news.az