Elmar Məmmədyarov: Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər dövlətlərin suveren hüquqlarına hörmət əsasında həll olunmalıdır
Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülüb. Qəbul olunmuş siyasi qərarlar və Xəzəryanı dövlətlərin rəhbərlərinin sammitləri çərçivəsində əldə olunmuş razılaşmalar bötüvlükdə Konvensiya layihəsinə dair gələcək danışıqların effektivliyinə kömək edəcək.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Astanada keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.
Çoxillik əməyin nəticəsinin Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaradacağına ümid etdiyini deyən nazir Xəzəryanı dövlətlərin əməkdaşlığı üçün hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ticarət-iqtisadi, nəqliyyat-logistika və ekoloji sahələrdə, həmçinin təhlükəsizlik məsələləri ilə bağlı bir sıra sahəvi saziş layihələrinin irəli sürüldüyünü diqqətə çatdırıb:
“Biz bu layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik, bununla yanaşı müvafiq Konvensiyanın qəbulunadək Xəzər dənizinin hüquqi statusunu əvvəlcədən müəyyən edə bilən müddəalara malik sənəd layihələrinin müzakirəsini vaxtından əvvəl hesab edirik. Biz o nöqteyi-nəzərdən çıxış edirik ki, təklif olunan bütün sahəvi saziş layihələrinin müzakirəsi bütün beş Xəzəryanı dövlətin iştirakı ilə aparılmalıdır”.
Xəzəryanı dövlətlərin rəhbərlərinin növbəti sammiti keçirilənədək, Konvensiya layihəsinin bütün razılaşdırılmamış müddəaları üzrə razılaşmaların əldə olunmasını vacib hesab edən E.Məmmədyarov bununla yanaşı, həmçinin Konvensiya layihəsinin Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması üçün əsas təməl təşkil edən müddəalarını ən qısa müddət ərzində razılaşdırmaq üçün maksimum səy göstərmək lazım olduğunu vurğulayıb:
“Ümidvaram ki, açıq dənizə çıxışı olmayan Xəzəryanı dövlətlərin Xəzər dənizindən başqa dənizlərə və Dünya okeanına sərbəst çıxış hüququ, tərəflərin hərbi gəmilərinin başqa ölkələrin milli suverenliyi altında olan zonalardan keçmə hüququ, həmçinin Xəzər dənizinin dibi və təkinin delimitasiyası, kabel və boru kəmərlərinin çəkilməsi ilə bağlı məsələlər beynəlxalq dəniz hüququnun normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həll olunacaq.
Bununla yanaşı, ümumtanınmış dünya praktikası əsasında və mövcud beynəlxalq prinsip və normalara müvafiq olaraq ilkin xətlərin çəkilməsi metodikasına dair konsensusun tapılması ümumi razılaşmaların əldə olunmasına kömək edəcək.
Biz Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin delimitasiyası üzrə sazişlərə xüsusi əhəmiyyət veririk və Xəzər dənizinin mərkəzi və cənub hissələrində dibin delimitasiyası məsələlərinin ən tez zamanda nizamlanmasına ümid edirik”.
Nazir Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirib.
E.Məmmədyarovun sözlərinə görə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır:
“Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır.
Etimad tədbirlərinə həmçinin bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şəraitinin təmin olunması da daxil olmalıdır. Biz həmçinin əminik ki, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınmasına, eləcə də bir-birlərinin təhlükəsizliyinə zərər vurmaması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi və bir-birlərinin daxili işlərinə qarışmamasına əsaslanmalıdır”.
Nazir vurğulayıb ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın ən qısa müddət ərzində imzalanması Xəzəryanı dövlətlərin gələcək qarşılıqlı fəaliyyəti və müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin qorunması məsələləri ilə bağlı əməkdaşlığına yönələn daha effektiv tədbirlərin görülməsinə xidmət edəcək:
“Biz Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.
Bakıda Xəzərin dəniz ətrafı mühitinin müdafiəsinə dair Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsi nəzərə tutulub, əsas məqsədlərdən biri Çərçivə Konvensiyasının daimi Katibliyinin açılması olacaq. Azərbaycan tərəfi Katibliyin Bakı şəhərində yerləşməsi ilə bağlı Saziş layihəsini hazırlayıb və həmin layihəni bütün Xəzəryanı ölkələrə baxılması üçün təqdim edib”.
1news.az