10 rayonda torpaqların elektron uçotu işləri aparılır
Əmlak Məsələləri Dövlət Komitəsi respublikada mülkiyyət növündən asılı olmayaraq torpaqların elektron uçotu sisteminin qurulması, habelə torpaqların, xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, səmərəli və təyinatı üzrə istifadənin təmin olunması sahəsində tədbirlərini davam etdirir.
Komitədən 1news.az-a verilən məlumata görə, indiyədək bu sahədə aparılan işlər həm torpaqların elektron uçotu və kadastr xəritələrinin tərtibini, həm də pozuntuların aşkara çıxarılmasını əhatə edib. Görülən işlər nəticəsində torpaqlardan istifadə ilə bağlı ciddi çatışmazlıqların və qanun pozuntularının olduğu aşkarlanıb. Aşkar edilən hallarla bağlı müvafiq tədbirlər görülüb və aidiyyəti qurumlar məlumatlandırılıb.
Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəal şəkildə torpaqların elektron uçotu və onlara nəzarət tədbirlərini davam etdirirlər. Belə ki, Prezident cənab İlham Əliyevin 7 mart 2016-cı ildə imzaladığı “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana uyğun olaraq komitə ölkədəki torpaqların elektron uçotu sistemini yaratmağa başlayıb.
Hazırda 10 rayonda (Abşeron, Salyan, Cəlilabad, Göygöl, Siyəzən, Ağcabədi, Ağsu, Oğuz, Balakən və Zaqatala rayonlarında) torpaqların elektron uçotu işləri aparılır, elektron torpaq xəritələri tərtib edilir. Qeyd edək ki, artıq elektron uçotun müsbət nəticələri də əldə edilib.
Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırlanmış elektron kadastr məlumat bazası hər bir torpaq parseli barədə mükəmməl məlumatların (sahəsi, torpağın mülkiyyət növü, təyinatı, mülkiyyətçisi və s.), həm də bu torpaq sahəsi üzərindəki tikili haqqında texniki kadastr göstəricilərinin (mərtəbəliliyi, təyinatı, tikilinin sahəsi, təchizat vəziyyəti və s.) əldə edilməsinə şərait yaradır.
Bununla yanaşı, ölkənin 4.1 mln. ha ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işi yekunlaşıb və relyef xəritələrinin hazırlanması işinə başlanılıb. Dəqiq stereomodellər üzərindən rəqəmsallaşdırma nəticəsində əldə edilmiş relyef xəritələri, kənd və meşə təsərrüfatında ərazi planlaşdırmasında, fermer təsərrüfatlarının ixtisaslaşma istiqamətlərinin müəyyənləşdirilməsində, torpaqların eroziyadan qorunmasına dair kompleks tədbirlər sisteminin hazırlanmasında istifadə olunacaq.
Respublikanın 53 rayon mərkəzinin və ona bitişik şəhər və qəsəbələrin, ümumilikdə 130.000 ha ərazini əhatə edən yaşayış məntəqələrinin torpaqlarının elektron kadastr uçotuna alınması işi davam etdirilir.
Ölkədə daimi fəaliyyət göstərən 37 Geodeziya Mövqeləndirmə Stansiyalarının imkanlarından geniş istifadə olunur. Bu stansiyalardan istifadə etməklə icra olunan sahəvi geodeziya işlərinin keyfiyyəti standartlara uyğunlaşdırılır.
Torpaqların keyfiyyət xaratkteristikasını, yem bitkilərinin (yay və qış otlaqlarının) tədqiqi bu il Komitədə quraşdırılmış müasir Torpaq və Bitki Laboratoriyasında yüksəkixtisaslı mütəxəssislər tərəfindən həyata keçirilir.
2015-ci ildə Şəki rayonunun 114 minə yaxın ha, Qazax rayonunun 44 min ha, Ağstafa rayonunun 35.4 min ha, Tovuz rayonunun 49 minə yaxın ha bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş cəmi 242 minə yaxın ha ərazisində irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıb. 2015-ci ildə Şəki, Daşkəsən, Gədəbəy, Ağstafa, Qazax, Şəmkir rayonlarında ümumilikdə 310.5 min hektardan çox ərazidəki yem sahələri, yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işləri yerinə yetirilib.
2016-cı ildə Füzuli, Oğuz, Abşeron, Ağdam, Göygöl, Ağsu, Cəlilabad, Ağcabədi, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 495 270 ha bələdiyyə və xüsusi mülkiyyətinə verilmiş ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, Şəki, Ağstafa, Şabran, Tovuz, Qazax, Xızı, Siyəzən, Şəmkir, Oğuz, Daşkəsən, Göygöl, Gədəbəy, Cəlilabad, Samux, Qəbələ və Masallı rayonları üzrə cəmi 750079 ha ərazidəki yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl geobotaniki tədqiqat işlərinin aparılması nəzərdə tutulub.
Torpaqların keyfiyyətinə dair dəqiq kadastr uçotu məlumatlarının əldə edilməsi torpaqların yaxşılaşdırılması, onun münbitliyinin qorunması və artırılması ilə bağlı torpaq mülkiyyətçilərinə və fermerlərə elmi-praktiki tövsiyələrin verilməsinə şərait yaradacaq. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur. Bu tədbirlər torpaqlardan istifadənin səmərəsini və onlara nəzarəti gücləndirəcək.
Dəqiq torpaq uçotu məlumatları torpaqların elmi əsaslarla idarə edilməsi, torpaqların yaxşılaşdırılması, torpağın keyfiyyət, relyef, ekoloji, təbii-təsərrüfat xüsusiyyətlərini nəzərə almaqla torpaqlardan istifadənin istiqamətlərinin (ixtisaslaşmasının) müəyyənləşdirilməsinə imkan yaradacaq.
1news.az