“Abşeronneft” NQÇİ-də yeni paylayıcı qurğular istismara verilib
“Azneft” İstehsalat Birliyinin “Abşeronneft” neft və qazçıxarma idarəsində uzun müddət ərzində istismarda olan enerji infrastrukturunun yenilənməsi işləri intensiv şəkildə davam etdirilir.
1news.az-ın məlumatına görə, NQÇİ-də istismar müddəti başa çatan elektrik paylayıcı qurğuların, transformator məntəqələrinin yenilənməsi -müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi yekunlaşmaq üzrədir.
Görülmüş işlər çərçivəsində, “Abşeronneft” NQÇİ-nin “Darvin bankası” yatağında sutkalıq neft hasilatı 450 ton olan 12 ədəd stasionar dəniz özülünün elektrik təchizatını təmin edən Şimal estakadasında köhnə paylayıcı qurğular yeniləri ilə əvəz olunmuşdur.
Yeni paylayıcı qurğular enerjinin kompensasiyası, elektrik verilişi xətlərindəki itkilərin qarşısının alınması üçün xüsusi bəsləmə yuvası, eləcə də kondesator qurğuları, ötürücü xətlərin elektrik mühafizəsini təmin edən müasir tipli rele mühafizə cihazları, enerji analizatorları, universal elektrik enerji sayğacları ilə təchiz olunmuşdur.
Yeni qurğuların istismarında daxili və xarici işıqlandırma sistemli müasir tipli akumulyatordan istifadə edilmişdir. Əməliyyat cərəyanının sabit, fasiləsiz təminatı məqsədi ilə qurğuda aşağı gərginlikli akumulyatorlu qida blokları quraşdırılmışdır.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihələndirdiyi 6 ədəd yeni paylayıcı qurğunun ikisi “Neftqaztikinti” tresti tərəfindən tam gücü ilə istifadəyə verilmiş, dörd qurğunun isə binaları tikilmiş, müasir tipli elektrik avadanlıqları tam olaraq quraşdırılmışdır.
Yaxın müddətdə sınaq-sazlama işləri yerinə yetirildikdən sonra həmin qurğuların da istismara verilməsi nəzərdə tutulur.
1news.az