İrəvanda polis bölməsində girov götürülən şəxslərdən biri azad edilib – FOTO – YENİLƏNİB
İrəvanda polis binasını ələ keçirən bir qrup silahlılar girovlardan birini azad edib, bu haqda yerli KİV məlumat yayır.
Beləliklə, binada girov götürülənlərin sayı 5 nəfər olur ki, onların arasında Ermənistan polis rəisinin müavini Vardan Eqiazaryan və İrəvanın polis rəisinin müavini Valeri Osipyan da var.
Xatırladaq ki, iyulun 17-də səhər saatlarında İrəvanda Ermənistan polisinin patrul-mühafizə alayına hücum edilib. Hücum nəticəsində polkun ərazisində bəzi şəxslər girov götürülüb. Polisin məlumatına görə, girov götürülən şəxslərdən biri həlak olub, üç nəfəri isə yaralanıb. Daha sonra xüsusi təyinatlıların fəaliyyəti nəticəsində 2 girov azad edilib.
Silahlı dəstə Qarabağ münaqişəsi iştirakçısı, “Yeni Ermənistan” radikal müxalifət partiyasının lideri Jirayr Səfilyanın həbsdən azad olunmasını tələb edir.
RİA Novosti
18:55
“Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına hərbi texnika yeridilib.
AZƏRTAC “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, binanın həyətinə iki zirehli maşın daxil olub. Daha sonra polis yenidən yolu bağlayıb. Polis hər hansı açıqlama verməyib.
14:40
İrəvanın Erebuni rayonunda polis patrul-mühafizə alayına basqın edən şəxslər silahlı qiyamın başladığını bildirib, hakimiyyətdən istefa verməyi tələb ediblər.
TASS-ın məlumatına görə, basqın iştirakçıları – iyunun 20-də həbs edilən Ermənistan müxalifətinin təmsilçisi, cinayətkar dəstənin təşkilində ittiham olunan Jirayr Səfilyanın tərəfdarları onun azadlığa buraxılması tələbini səsləndiriblər.
Silahlılarla görüşən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan yerli mətbuata açıqlamasında həmin şəxslərin Prezident Serj Sarkisyanın istefasını və yeni hökumətin qurulmasını tələb etdiklərini bildirib.
Hazırda 7 polis əməkdaşı girovluqda saxlanılır. Keçirilən əməliyyat zamanı bir polis əməkdaşı ölüb, ikisi isə yaralanıb.
11:48
İyulun 17-də səhər saatlarında İrəvanda Ermənistan polisinin patrul-mühafizə alayına hücum edilib. Hücum nəticəsində polkun ərazisində bəzi şəxslər girov götürülüb.
AZƏRTAC “Ria Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ermənistan milli təhlükəsizlik xidməti məlumat verib.
Məlumatda hücum edən şəxslərlə danışıqların aparıldığı qeyd olunub.