“Səba” son 2 ildə toyuq əti istehsalının təkmilləşdirilməsinə 15 milyon manat investisiya qoyub
“Səba” şirkəti damazlıq yumurtanın xaricdən alınmasını daxili istehsalla əvəz etməyə hazırlaşır. Bu, istehsalın xarici valyutadan asılılığını azaltmaq istiqamətində şirkətin atdığı növbəti addım olacaq.
Belə ki, bir neçə il əvvəl əkin sahələri salması ilə “Səba” bu gün quş yemini təşkil edən qarğıdalı, buğda və soyaya olan tələbatının bir hissəsini özü qarşılaya bilir. Qida təhlükəsizliyi baxımından yemin keyfiyyətinə nəzarət etməsi ilə yanaşı, şirkət xarici valyutadan asılılıqdan artan maya dəyərinin əsas hissəsini - yem xərclərini də aşağı salmaq imkanı qazanıb.
“Səba” istehsalat sahəsində istifadə olunan avadanlıqları ən son texnologiyalara uyğun olaraq dayanmadan təkmilləşdirir. Son 2 il ərzində keyfiyyət və kəmiyyət baxımından toyuq əti istehsalının inkişaf etdirilməsi üçün şirkət 15 mln. manata yaxın dəyərdə yeni avadanlıqlar alıb və istehsal sahələrini genişləndirib. Bu avadanlıqlar sayəsində “Səba” bazara daha gigiyenik, keyfiyyətli, təbii xüsusiyyətləri qoruna bilən məhsul çıxarır.
Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində investisiya təşviqi sənədini alan ilk şirkətlərdən biri kimi “Səba” ASC qarşıdakı 2 ildə istehsalat və emal sahələrini daha da təkmilləşdirəcək. Bu, xüsusilə qablaşdırmada əl əməyinin yüngülləşdirilərək maşın işi ilə əvəzlənməsi, ən müasir kəsim aparatları ilə təchizatla özünü göstərəcək.
“Səba” şirkəti kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan bir şirkət kimi əlavə dəyər vergisindən azad olunsa da, təkcə keçən 2 il ərzində dövlət büdcəsinə 5 mln. manata yaxın vergi və sosial ödəniş edib. Şirkətdə orta aylıq əmək haqqı 2012-ci ildə 360 manat təşkil edirdisə, 2015-ci ildə 580 manat təşkil edib.
Bundan başqa, “Təbiətdən mətbəxə” şüarına sadiq qalaraq, vətəndaşların gündəlik təzə ət və süd məhsulları ilə təmin etmək üçün “Səba” Ət-Süd dükanları əhalinin xidmətinə verib. Bu dükanlara istehsaldan 6 saat keçməmiş çatdırılan “Səba” məhsullarını istehlakçılar daha aşağı qiymətə ala bilirlər.
Qeyd edək ki, “Səba” Azərbaycanın dövlət halal standartına malik yeganə toyuq əti istehsalçısıdır.