Kənd təsərrüfatı naziri Lerikdə cənub bölgəsindən olan vətəndaşları qəbul edib
Kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 21-də Lerik şəhərində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.
1news.az-ın məlumatına görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Nazir H.Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
1news.az