Elmar Məmmədyarov ADA Universitetinin təşkil etdiyi Bakı Yay Məktəbinin yekun sessiyasına qatılıb - FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universiteti tərəfindən təşkil olunan, enerji məsələləri üzrə 10-cu Bakı Yay Məktəbinin yekun sessiyasında Azərbaycanın xarici və enerji siyasəti barədə mühazirə ilə çıxış edib və iştirakçıları təltif edib.
1news.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, Elmar Məmmədyarov ADA Universiteti tərəfindən 10-22 iyul 2016-cı il tarixində təşkil olunan enerji məsələləri üzrə 10-cu Bakı Yay Məktəbində çıxışı zamanı ölkəmizin xüsusilə son on illik ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında məlumat verdi.
Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışaraq, Elmar Məmmədyarov tarixi “İpək Yolu”-nun bərpası, “Şərq-Qərb” və “Şimal-Cənub“ nəqliyyat dəhlizləri, eləcə də “Cənub Qaz” dəhlizi kimi irimiqyaslı layihələrin həyata keçirilməsində ölkəmizin rolunu vurğuladı.
Mühazirə əsnasında Nazir Elmar Məmmədyarov iştirakçıların çoxsaylı suallarını cavablandırdı. Tədbirin sonunda Yay Məktəbinin iştirakçılarına şəhadətnamələr verildi.
Enerji məsələləri üzrə Bakı Yay Məktəbi “ADA” Universitetinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birgə təşkil etdiyi illik tədris proqramıdır. Proqram qlobal enerji siyasəti və ətraf mühit məsələləri üzrə müxtəlif ölkələrdən ixtisaslaşmış alim və ekspertləri bir araya gətirir. 2006-cı ildən etibarən hər il təşkil olunan yay enerji məktəbini indiyə qədər 500 məzun bitirib. Bu ilki proqramda isə 17 ölkədən 46 nəfər alim və mütəxəssis iştirak edib.
Bu il “ADA” Universitetinin təşkil etdiyi Bakı Yay Məktəbinin 10 ili tamam olur.
1news.az