Ziyafət Əsgərov: Referendumun tarixini təyin etmək prezidentin səlahiyyətindədir
“Azərbaycan Respublikası prezidentinin təklif etdiyi və bu gün Konstitusiya Məhkəməsinin rəy verdiyi Konstitusiya Aktı layihəsi ilə aktla bağlı referendumun tarixini təyin etmək cənab prezidentin səlahiyətindədir”.
1news.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin sədrinin 1-ci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Z. Əsgərovun sözlərinə görə, Referendum Aktında göstərilib ki, referendumun tarixi prezidentin səlahiyyətinə aid olan məsələdir:
“Azərbaycanda 7 il əvvəl keçirilən referendumdan sonra ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında xeyli dəyişiklik baş verib. Dövlət idarə etmə sisteminin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyət və prinsiplərinin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha da yüksək səviyyədə təyin olunması baxımından referendumun böyük əhəmiyyəti var”.
Z. Əəsgərov qeyd edib ki, Referendum Aktına layihəsində Milli Məclisin səlahiyyətləri azalmır, əksinə parlamentin normal fəaliyyətdə işləməsi üçün yeni mexanizm təklif olunur: “Fövqəladə hal baş verdikdə parlamentin fəaliyyəti iflic vəziyyətə düşməsin deyə prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Layihədə Milli Məclisin hansı hallarda buraxıla biləcəyi göstərilib. Məsələn, Milli Məclis eyni çağırış bir ildə iki dəfə Azərbaycan Nazirlər Kabinetinə etimadsızlıq göstərərsə, buraxılacaq”.
Yaxın gələcəkdə Milli Məclisin buraxılmasını güman etmədiyini deyən Z. Əsgərov Azərbaycan xalqının Referendum Aktını dəstəkləyəcəyinə əmin olduğunu vurğulayıb.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. Bu gün Konstitusiya Məhkəməsinin iclasında akta rəy verilib və sabah Mərkəzi Seçki Komissiyasının bununla bağlı iclası keçiriləcək.
1news.az