Bakıda “avtoşluq” edən sürücü 3 piyadanı vurdu, özü öldü
Bakıda idarəetmədən çıxan avtomobil avtobus dayanacağına girib.
1news.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, hadisə iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində qeydə alınıb.
Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanan paytaxt sakinləri - Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub.
Avtomobil daha sonra divara çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxananaya yerləşdiriliblər.
Faktla bağlı avtosfer.az-ın əldə etdiyi məlumata görə, “Mercedes”in sürücüsü həmin vaxt sürət həddini aşaraq təhlükəli manevrlər edirmiş. Buna görə də avtomobil idarəetmədən çıxıb və avtobus dayanacağına girib.
Şahidlər bildirirlər ki, həmin avtomobilin sükanı da dəyişdirilibmiş. Belə ki, normal sükandan fərqli olaraq, sürücü “Mercedes”ə “avtoş”ların sevimlisi olan kiçik həcmli sükan qoyubmuş. Buna görə də, avtomobil qəzaya düşərkən təhlükəsizlik yastıqları açılmayıb.
Hadisə ilə bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.
1news.az