Yavər Camalov Şirvanda baş vermiş hadisə nəticəsində dünyasını dəyişənlərin dəfn mərasiminə qatılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yavər Camalov Şirvanda baş vermiş hadisə nəticəsində dünyasını dəyişənlərin dəfn mərasiminə qatılıb

14:28 - 27 / 07 / 2016
Yavər Camalov Şirvanda baş vermiş hadisə nəticəsində dünyasını dəyişənlərin dəfn mərasiminə qatılıb

Müdafiə sənayesi naziri Yavər Camalov Şirvan “Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alan, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına və Diaqnostika Mərkəzinə yerləşdirilən yaralıları ötən gün ziyarət etdi və səhhətləri ilə maraqlanıb.

1news.az-a nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Y.Camalov bu gün hadisə nəticəsində dünyasını dəyişən zavodun iki əməkdaşının dəfn mərasimində iştirak edib.

Yavər Camalovun tapşırığına əsasən zərərçəkənlərə və onların yaxınlarına qanunvericilikdə nəzərdə tutulan müavinətlərlə yanaşı, dəfn mərasiminin bütün xərcləri və digər zəruri xərclər müəssisə tərəfindən ödənilir.

Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində baş verən partlayış nəticəsində 24 nəfər xəsarət alıb, 2 nəfər həlak olub.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və  Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, digər zəruri prosesual hərəkətlər aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib.

Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın-texniki, partlayış, fiziki-texniki, materialşünaslıq, ekoloji, tikinti-texniki, əmtəəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Şirvanda baş vermiş partlayışla bağlı cinayət işi açılıb

Müdafiə Nazirliyi: Şirvandakı hadisə zamanı hərbi qulluqçular arasında xəsarət alan olmayıb

Şirvandakı zavodda partlayış zamanı xəsarət alanlardan bir neçəsi evə buraxılıb – FOTO – VİDEO

1news.az

 

Paylaş:
697

Son xəbərlər

Bütün xəbərlər