Azad Rəhimov Britaniya Parlament üzvləri ilə görüşüb – FOTO
Gənclər və idman naziri Azad Rəhimov Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri ilə görüşüb.
1news.az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyində baş tutan görüşdə Mühafizəkarlar, Leyborist və Liberal demokrat partiyalarını təmsil edən 11 parlament üzvü iştirak edib.
Görüş zamanı ilk olaraq nazir A.Rəhimov Gənclər və İdman Nazirliyinin yaranma tarixi, gənclər və idman sahələrində görülən işlər, ölkədə fəaliyyət göstərən QHT-lər, qəbul olunan dövlət proqramları və s. haqda söz açıb.
Nazir eyni zamanda, idman sahəsində Azərbaycanın çox böyük layihələrə ev sahibliyi etdiyini diqqətə çatdırıb, buna misal olaraq ölkəmizdə I Avropa oyunları, Formula 1 Grand Prix kimi mötəbər turnirlərin keçirildiyini, bununla yanaşı sentyabr ayında paytaxtda Beynəlxalq Şahmat Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəyliyi oyunlarının baş tutacağını nümunə gətirib.
İngiltərə Parlamentinin Azərbaycan qrupunun üzvləri hər iki sahədə Azərbaycanda həyata keçirilən tədbirlərin, beynəlxalq səviyyəli nüfuzlu yarışların ölkənin imicinə çox müsbət təsir göstərdiyini, son illər isə bu təsirin daha əyani şəkildə göründüyünü bildiribər.
Qonaqlar Britaniya ilə Azərbaycan arasında istər gənclər, istərsə də idman sahələrində maraqlı layihələrin həyata keçirilməsinin mümkünlüyü diqqətə çatdırıb, birgə əməkdaşlığın hər iki ölkə arasında əlaqələrin daha sıx olmasına şərait yaradacağını qeyd ediblər.
Daha sonra gənclər və idman sahələri haqda daha geniş fikir mübadiləsi aparılıb, hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb.
1news.az