“Sovetski”də 4 minə yaxın ev və obyekt köçürüldü
Bakının Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazisində "Azəravtoyol" ASC tərəfindən aparılan yenidənqurma və abadlıq işləri davam etdirilir.
1news.az xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qurum rəsmisi bildirib ki, “Sovetski"nin 26 hektarında yolların salınması və abadlıq işlərinin aparılması nəzərdə tutulub. Bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.
Layihənin icrasına uyğun olaraq ilkin mərhələdə 3827 yaşayış və qeyri-yaşayış sahəsinin tikinti altına düşdüyü üçün satın alınması və yaşayış sahəsi ilə təmin edilməsi həyata keçirilib. O cümlədən 3497 obyekt satın alınıb, 219 obyekt üzrə isə vətəndaşlar yaşayış sahəsi ilə təmin edilib: “Məlumat üçün bildirək ki, sözügedən ərazidə satın alınmamış 111 obyekt qalıb, satın alınan obyektlərdən isə 249 ədədinin söküntüsü davam edir. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tikinti sahəsinə düşən 23 tarixi əhəmiyyətli binadan 21-i tarixi əhəmiyyətli binaların siyahısından çıxarılaraq sökülüb. Ərazidə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ümumi uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçiriləcək”.
A.Nəcəfli bildirib ki, yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələrində aparılacaq.
Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq, küçələr həm genişləndiriləcək, həm də geniş piyada səkiləri inşa ediləcək.
Yenidən qurulacaq B.Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq, B.Məcidov küçəsində 3 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 12 metr təşkil edəcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində piyada səkiləri inşa ediləcək.
Tikinti işlərinin aparılacağı A.Şaiq küçəsinin uzunluğu isə 1825 metr təşkil edir. Əvvəllər küçənin eni 5-6 metr olub. Hazırda isə yolun hərəkət hissəsinin eni 7-15 metr arası dəyişməklə və hər iki istiqamət üzrə piyada səkilərinin eni 2 metr olmaqla küçə 19 metrə qədər genişləndiriləcək. Küçənin 2 - 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən M.Əliyev küşəsi və Füzuli küçəsinin davamının uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Hər iki küçənin əvvəlki hərəkət hissəsinin eni 4-5 metr təşkil edirdi. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol yatağı genişləndirilərək 19 metrə çatdırılacaq. Bura 15 metr enində hərəkət hissəsi və hər bir tərəfdə olmaq şərti ilə 2 metr enində piyada səkiləri daxildir. Küçələrin hər biri 4 hərəkət zolaqlı olacaq.
Aparılacaq yenidənqurma işləri çərçivəsində N.Nərimanov küçəsinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun 2-5 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 7-17.5 metrədək genişləndirilməsi nəzərdə tutulur. Hər iki tərəfində 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23.5 metr olması planlaşdırılır.
Qurum rəsmisinin sözlərinə görə, yenidən qurulacaq küçələrdə mühəndis-kommunikasiyaları (su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə) xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur: “Layihə çərçivəsində 3 laydan ibarət 25 santimetr qalınlığında asfalt-beton örtüyünün tikilməsi üçün 46 min ton asfalt-beton qarışığı, 34.5 min kubmetr optimal qırmadaş qarışığı, 13 min metrədək səki daşları və 24.4 min kvm səki hissəsində isə bəzək daşları istifadə ediləcək. Yenidən qurulacaq küçələrdə yeni işıqlandırma sistemləri qurulacaq, 220 ədəd işıq dirəyi istifadə edilməsi nəzərdə tutulur.
Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, habelə yolcizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur”.
1news.az