Torpaq üstündə qan tökənə 18 il 6 ay cəza | 1news.az | Xəbərlər
Cəmiyyət

Torpaq üstündə qan tökənə 18 il 6 ay cəza

18:52 - 31 / 07 / 2016
Torpaq üstündə qan tökənə 18 il 6 ay cəza

Qətl törətməkdə ittiham olunan Bakı şəhər sakinləri - 1996-cı il təvəllüdlü Hacıbağır Bağırov, 1963-cü il təvəllüdlü Ehtiqam Bağırov və 1994-cü il təvəllüdlü Rüstəm Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

1news.az virtualaz.org-a istinadən xəbər verir ki, sözügedən cinayət işi üzrə məhkəmə prosesinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

İttihama görə, qətl hadisəsi 12 may, 2015-ci ildə Suraxanı rayonu, Zığ kəndində baş verib. Kənd sakini Hacıbağır Bağırov qətldən bir neçə gün öncə atası Ehtiqam Bağırovla uzaq qohumları Əminağa Baxşıyevin mübahisə etdiklərinin şahidi olub. 19 yaşlı gənc məsələyə aydınlıq gətirmək üçün bibisi oğlu Rüstəm Qurbanovla birgə Əminağanın yaşadığı məhəlləyə gəlib, onunla mübahisə edərək dalaşıb. Əminağanın ailə üzvləri küçəyə çıxarkən isə maşına əyləşərək oradan uzaqlaşıblar. Oğlunun Əminağanı döydüyünü öyrənən Ehtiqam ona acıqlanıb, böyüklərin işinə qarışdığına görə iradını bildirib. Bundan sonra isə üzrxahlıq etmək məqsədilə Əminağagilə yollanıb. Ortalığa dava-dalaş düşəcəyini güman edən Hacıbağır Rüstəmlə birgə atasının dalınca gedib. Tərəflər arasındakı mübahisə qansız ötüşməyib. Atası Ehtiqamın dəyənəklə vurulduğunu görən Hacabağır üstündəki bıçaqla Əminağaya və onun qardaşı Zaur Baxşıyevə zərbələr endirib. Hər iki qardaş ağır dərəcəli bədən xəsarətləri alıb. Əminağa Baxşıyev xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Hadisəni törətməkdə təqsirli bilinənlərin hər üç şəxs həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29, 120.2.7 (ölümə cəhd) və 221.2.1 (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.

“Əminağa deyirdi ki, o torpaq mənə məxsusdur”

Təqsirləndirilən şəxs qismində dindirlilən Hacıbağır Bağırov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində nə Əminağanı, nə də onun qardaşı Zauru öldürmək niyyəti olmadığını göstərib: “Münasibətlərimiz yaxşı olub, heç vaxt aramızda mübahisə, dava-dalaş baş verməyib. Yaşadığım evdən 200 metr aralıda 7 sot boş torpaq sahəmiz vardı. Həmin sahəni ailəmiz 1989-cu ildən istifadə edir. Hadisədən bir neçə gün əvvəl Əminağa atama demişdi ki, torpaq ona məxsusdur. Elə buna görə də mübahisələri düşmüşdü. Torpağı ondan başqa kimsə istifadə etməsin deyə Əminağa ana söyüşü də söymüşdü”.

H. Bağırovun ifadəsinə görə, hadisə baş verən gün bibisioğlu Rüstəmlə birlikdə Əminağanın yanına gedib. Ondan söyüş söyməsinin səbəbini soruşub. Aldığı cavab isə “yaxşı etmişəm” olub: “Əsəbləşdim, yumruqla ağzından vurdum, yerə yıxıldı. Səs-küyə qardaşı Zaurla əmisi Faiq gəldi. Əminağa maşından bıçaq götürüb üstümüzə gəlmək istədikdə qardaşı qoymadı”.

“Atamı döydüklərini görüb dözmədim”

H.Bağırov deyir ki, Əminağa ilə Zaur onun gözünün qarşısında atasını lom və bellə döyüblər, hətta bibisi oğlu Rüstəmə də xəsarət yetiriblər: “Əminağanı döyməyimi atama dedim, mənə acıqlandı, iradını bildirdi. Sonra isə Əminağagilin məhəlləsinə getdi. Fikirləşdim ki, birdən atama nəsə eləyərlər, ona görə də Rüstəmlə birgə atamın dalınca getdik. Maşını küçənin tinində saxladıq. Atamın Zaur və Əminağa ilə mübahisə etdiklərini gördüm. Maşından düşüb onlara yaxınlaşdım. Əminağa yerdən götürdüyü lomla atamı vurdu. Zaur lapatkayla, Əminağa isə lomla atamı döyürdülər. Rüstəm məndən əvvəl özünü yetirib Əminağanı kənara itələdi. Zaur Rüstəmi də bellə vurdu. Özümü yetirib Əminağanın çiynindən və qarnından bıçaqla vurdum”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə zamanı ondan başqa kimsədə bıçaq olmayıb: “ Zaur əlindəki beli yerə atıb mənə hücum çəkdi. Ona gücüm çatmadığına görə bıçaqla vurdum. Həyəcanlı olduğumdan hadisə zamanı bıçağı hara atdığımı xatırlamıram. Orada məndən başqa heç kimdə bıçaq olmayıb”.

“Zərərçəkmişlər düzgün ifadə vermir”

H.Bağırov zərərçəkmiş şəxslərin yalan danışdıqlarını, məhkəmədə düzgün ifadə vermədiklərini bildirib: “Zaur yalan danışır. Nə Nasif, nə Səlim, nə də Sübhan hadisə zamanı orada olmayıblar. Onlar dava-dalaş başa çatandan sonra gəliblər. Ola bilsin Zaur özünü müdafiə etmək üçün belə deyir. Sübhan, Nasif və Səlimin bizimlə heç bir ədavəti olmayıb. Atam Ehtiqamın əlində dəmir parçası olmayıb”.

“Dayımın torpağını zəbt etmək istəyirdi”

Təqsirləndirilən Rüstəm Qurbanov ifadəsində dayısı Ehtiqamın Baxşıyev qardaşları tərəfindən döyüldüyünü, onları ayırmağa çalışdıqda baş nahiyəsindən zərbə aldığını göstərib: “Son vaxtlar torpaq sahəsinə görə Əminağa ilə dayımın arasında narazılıq yaranmışdı. Əminağa dayımın torpağını zəbt etmək istəyirdi. Hətta həmin sahəyə traktor salıb oranı qazmışdı, mübahisə də buna görə baş vermişdi”.

“Əminağa deyirdi ki, torpaq mənimdir, meyitimi görsən də, torpağı görməzsən”

Təqsirləndirilən Ehtiqam Bağırov da analoji ifadə verib. O, ifadəsində döyülərkən oğlu Hacıbağırın ora gələrək bıçaqla Baxşıyevləri vurduğunu və onu onların əlindən aldığını deyib: “O sahəni xırda daşlarla hasara almışdım, əlimdə heç bir sənədim olmayıb, orada tikinti aparmamışam. Lakin ata-baba torpağımız olub. Hadisədən 5 gün əvvəl həmin əraziyə yaxın yerdəki zibillikdə təmizlik işləri aparılmışdı. Torpaq sahəsi isə qazılmışdı. Əminağanın evinə gedib niyə torpağımı qazdığını soruşdum. O isə “torpaq mənimdir, həmin torpaq sahəsinə görə sənədlərim var, meyitimi görsən də, həmin torpağı görməzsən” dedi”.

“Həyətə çıxanda gördüm ki, qardaşım qan içindədir”

Zərərçəkmiş şəxs qismində dindirilən Zaur Baxşıyev ifadəsində göstərib ki, həyətdə saxladıqları heyvanların südündən qatıq hazırlayır, hazırlanmış qatıqları Əminağa öz avtomobilinə qoyub kənd ərazisinə apararaq orada satmaqla dolanıblar. Hadisə baş verən gün axşamtərəfi yoldaşı onu yuxudan oyadıb və Əminağanın döyüldüyünü deyib: “Həyətə çıxanda gördüm ki, qardaşımın üzü və əynindəki paltarları qan içindədir. Nə baş verdiyini soruşdum. Dedi ki, uşaqları bağçadan gətirib maşından düşürəndən sonra Ehtiqamın oğlu və qohumları üstümə hücum çəkiblər. Evə aparıb qardaşımın üst-başını yuyub-təmizlədim, üzünə buz qoydum, tibbi yardım göstərdim”.

“Atası “get bax, ölməyibsə başını kəs” deyirdi”

Z.Baxışev əvvəlcə polisə məlumat vermək istəyib, amma sonra fikrindən daşınıb. İlk olaraq Əminağanı döyən uşaqların ağsaqqallarına məlumat verib: “Rüstəmin atasına zəng vurub dedim. Bir qədər sonra Hacıbağırgil yenidən gəldilər. Gələnlər Ehtiqam, oğlu Hacıbağır və qohumları - Rüstəm, Səlim, Nasif və Sübhan idi. Əminağa onları görüb beli əlinə almışdı. Həmin adamlara üzümü tutub dedim ki, bayaq gəlib qardaşımı döymüsünüz, indi niyə gəlmisiniz? Bu vaxt Ehtiqam əlindəki dəmiri aşağı elədi, dəmir açıldı. Qardaşıma tərəf baxanda gördüm ki, yerə yıxılıb. Həyat yoldaşım, bacım, əmim Faiq də orada idi. Əminağanı yerdən qaldırmaq istəyəndə eşitdik ki, Ehtiqam “ get bax, ölməyibsə başını kəs” deyir. Bıçaq zərbələrinin təsirindən halım pisləşmişdi. Amma yerə yıxılmamışdım. Əminağanı maşına qoyub Su Tikindi Xəstəxanasına apardıq. Xəstəxanada həkimlər onu müayinə edib, öldüyünü dedilər, məni isə reanimasiya şöbəsinə apardılar”...

Məhkəmənin hökmü ilə Hacıbağır Bağırov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il 6 ay, Rüstəm Qurbanov 2 il, Ehtiqam Bağırov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

1news.az

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər