Havanın temperaturu 39 dərəcəyə qədər artacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqust ayının 4-nə olan hava proqnozunu açıqlayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah hava şəraitinin az buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında avqustun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.
1news.az