Türkiyədə qiyamçıların bomba zərbəsindən ölən azərbaycanlı polis zabiti dəfn edildi – FOTO
Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı ağır yaralanan azərbaycanlı xüsusi təyinatlı polis zabiti dünyasını dəyişib.
1news.az Virtualaz.org-a istinadən xəbər verir ki, İğdırdan yayımlanan yesiligdir.com saytı 48 yaşlı Bülent Yurtseven adlı həmin zabit milliyətcə azərbaycanlı olduğunu yazıb.
Məlumata görə, o, Fətullah Gülən şəbəkəsinə bağlı hərbçilərin iyulun 15-də Ankara Gölbaşı Xüsusi Təyinatlı Polis İdarəsinə F-16 təyyarəsindən endirdikləri bomba zərbələri nəticəsində ağır yaralanıb, hər iki ayağını itirib. Həmin bomba zərbələri nəticəsində 50-dən çox xüsusi təyinatlı polis həlak olmuşdu.
Onun cənazəsi Ankarada xüsusi mərasimlə dəfn edilib.
“Şəhid Bülent Yurtseven bir Azərbaycan türküydü. Yəni hər fürsətdə təhqir olunan, dışlanan, özgələşdirilən şiələr var ha, onlardan biriydi. Cənazəsi bu üzdən əvvəlcə Ankara Keçiörən Allahü Əkbər məscidinə aparıldı və cənazə namazı öz adətinə görə qılındı. Cənazə namazı qılındıqdan sonra protokola uyğun olaraq Ankara Kocatape məscidinə aparılan cənazə oradan duaların müşaiyəti ilə Cebeci şəhidliyinə aparılaraq dəfn edildi”, - deyə sayt yazır.
1news.az