“ADA” Universiteti və “PAŞA Bank” tələbə krediti proqramını təsis edir
“ADA” Universiteti 2016/2017-ci tədris ilindən başlayaraq təhsil haqqına yeni güzəştlər və yeni tələbə krediti imkanları təklif edir.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə ali təhsil ocağında abituriyentlər və onların ailə üzvləri üçün təşkil edilən “açıq qapı” günlərində məlumat verilib. Diqqətə çatdırılıb ki, “ADA” Universiteti Azərbaycanın aparıcı banklarından olan “PAŞA Bank”la birgə ali təhsilin kreditləşməsi proqramını həyata keçirəcək.
Bakalavriat və magistratura pillələrində təhsil alan tələbələr semestr üzrə təhsil haqqını uzunmüddətli (bakalavrlar üçün doqquz, magistrlər üçün beş ilədək) sosial kreditlər vasitəsilə ödəmək imkanı əldə edəcəklər. Bir sıra parametrlərlə yanaşı, tələbənin akademik göstəricilərindən də asılı olan 30 faiz ilkin ödənişlə verilən milli valyuta kreditlərinin illik faiz dərəcəsi 7 faiz təşkil edir. “PAŞA Bank” ilə tərəfdaşlıqda hazırlanan bu təhsil krediti proqramının məqsədi universitetin tədris etdiyi ixtisaslara ölkəmizin bütün regionlarından ən istedadlı gənclərin cəlb edilməsidir.
Vurğulanıb ki, universitet qəbul imtahanlarında yüksək bal toplayan tələbələri həvəsləndirmək məqsədilə qəbul balına əsasən təqaüd proqramını da elan edib. Belə ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda 690-700 bal toplamış abituriyentlərə 100 faiz, 660-689 bal toplamış abituriyentlərə 40 faiz, 640-659 bal toplamış abituriyentlərə 30 faiz, 620-639 bal toplamış abituriyentlərə isə bir semestr müddətinə təhsil haqqına 20 faiz güzəşt olunacaq. Təhsil müddətinin növbəti illərində də universitet tərəfindən tələbələrə maliyyə dəstəyi davam edəcək. Belə ki, semestr üzrə orta qiymət balı 4.0 (əla) olan tələbələr növbəti semestrin təhsil haqqına 100 faiz güzəşt alacaqlar. Orta qiymət balı nisbətən aşağı olan tələbələr də (3.00-3.89) müxtəlif məbləğlərdə güzəşt əldə edəcəklər.
Xatırladaq ki, bu il “ADA” Universiteti I qrup üzrə kompyuter elmləri, kompyuter mühəndisliyi, sistem mühəndisliyi, informasiya texnologiyaları, II qrup üzrə beynəlxalq münasibətlər, biznesin idarə edilməsi, iqtisadiyyat, III qrup üzrə dövlət və ictimai münasibətlər ixtisasları üzrə bakalavriat proqramına qəbul elan edib. Universitetdə təhsil ingilis dilindədir. İngilis dili səviyyəsi məqbul olmayan tələbələr əlavə EAPP (English for Academic Purposes Program) dil hazırlıq proqramında təhsil almalıdırlar.
1news.az