Kiçik və orta sahibkarlar üçün mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salınacaq
Vergi sistemində həyata keçirilmiş islahatların, görülmüş tədbirlərin nəticəsində son 10 ildə vergi daxilolmaları 5 dəfə artıb.
1news.az-ın məlumatına görə, bunu Vergilər Nazirliyində prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamına həsr edilən mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev deyib.
Nazir müavini elektron xidmətlər sahəsində görülən işlərə toxunaraq hazırda vergi ödəyicilərinin təxminən 90 faizinin vergi bəyannamələrini elektron şəkildə təqdim etdiyini vurğulayıb. Bildirib ki, artıq vergi ödənişləri plastik kartlarla internet üzərindən də həyata keçirilə bilir.
Azərbaycanda istehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlar üçün mənfəət (gəlir) və əlavə dəyər vergisi ilə bağlı məsələyə toxunan İ.Vəliyev həmin vergilərin dərəcələrinin aşağı salınacağını diqqətə çatdırıb.
Onun sözlərinə görə, bununla əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsi və bu sahədə vergi inzibatçılığının yüngülləşdirilməsi nəzərdə tutulur:
“Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti 2016-cı ilin birinci yarısında genişmiqyaslı iqtisadi islahatlar aparıldığını, o cümlədən, vergi sahəsində də belə islahatların həyata keçirildiyini bildirib, bununla yanaşı, büdcəyə daha çox vəsait toplanması üçün imkanlar olduğunu qeyd edib və bu ehtiyatların aşkarlanması, ilin sonunadək bu sahədəki vəziyyətin tam şəffaflaşdırılması ilə bağlı konkret tapşırıqlar verib. Məhz bu tapşırıqların icrası məqsədilə avqustun 4-də Azərbaycan Respublikası Prezidenti “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncam verib.
Bu sərəncam vergi sisteminin inkişafında, xüsusilə də vergi inzibatçılığının həyata keçirilməsində yeni bir mərhələdir. Sərəncamda müəyyən edilmiş islahatların başlıca istiqamətləri biznes mühitinin bir qədər də yaxşılaşdırılması, vergi qanunvericiliyinin sahibkarlığın aparılması üçün daha əlverişli şərtlərin yaradılması və sahibkarların hüquqlarının genişləndirilməsi ilə bağlı müddəaları, həmçinin vergitutma bazasının genişləndirilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılması ilə bağlıdır.
Sərəncamın mühüm bir müddəasının ƏDV-nin differensiallaşdırılması ilə bağlı olduğunu vurğulayan İ.Vəliyev bir sıra istehlak mallarının qiymətlərinin ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb:
“Beynəlxalq təcrübədə belə mallara uşaq qidaları, məktəbli ləvazimatları, dərman vasitələri, əlillər üçün tibbi məhsullar və avadanlıqlar, kitablar və bir sıra xidmət növləri daxildir ki, biz qarşıdakı dövrdə bu sahədə beynəlxalq təcrübəni öyrənərək Vergi Məcəlləsinə müvafiq dəyişikliklər layihəsini hazırlayacağıq”.
Nazir müavini əlavə edib ki, uzun müddətdir müəyyən diskussiyalara səbəb olmuş kənd təsərrüfatı məhsullarının ticarət şəbəkələrində pərakəndə satışı zamanı tam dəyərinin ümumi qaydada ƏDV-yə cəlb edilməsi ilə bağlı məsələ də artıq öz həllini tapacaq:
“Bu addım kiçik və orta sahibkarlığı stimullaşdırmaqla yanaşı, pərakəndə ticarətdə rəqabət mühitini təmin edəcək”.
1news.az