Azərbaycana idxal olunan benzinin rüsumu minimuma endirildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” 19 yanvar 2001-ci il tarixli qərarına dəyişiklik edib.
1news.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, ölkəyə idxal olunan bəzi mallar üçün aksiz vergisi azaldılıb.
Belə ki, aviasiya benzini istisna olmaqla, mühərrik benzininin hər 1 tonu üçün aksiz vergisi 200 manatdan 1 manata endirilib. Bu qərar avqustun 16-dan etibarən 60 gün müddətində qüvvədədir.
Nazirlər Kabineti həmçinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" 12 aprel 2001-ci il tarixli qərarına dəyişiklik edib. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib. Bu qərar avqustun 16-dan başlayaraq 60 gün müddətində qüvvədədir.
1news.az