Mahir Məmmədov: " Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiyadasında iştirak üçün 176 ölkə qeydiyyatdan keçib "
Bakı Şahmat Olimpiyadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışa hazırlıqla bağlı medianın suallarına cavab verib.
Bakı Şahmat Olimpiyadasının mətbuat xidməti 1news.az-a əməliyyat Komitəsinin rəhbəri bildirib ki, avqustun 25-dən etibarən iştirakçı komandalar Bakıya gəlməyə başlayacaq: “Paytaxtımız möhtəşəm şahmat yarışına hazırlaşır. Sentyabrın 1-dən 13-dək Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiyadasında iştirak üçün 182 komanda, 176 ölkə qeydiyyatdan keçib. Ölkələrin təmsilçiliyinə görə, bu, tarixdə ən yüksək göstəricidir.
Bakı Şahmat Olimpiyadası Əməliyyat Komitəsi yarışa hazırlıqla yanaşı, bir sıra paralel tədbirlər də nəzərdə tutub. Mədəniyyət və Turizm Nazirliyinin balansında olan turistik avtobuslardan ikisini brendləşdirərək şahmat avtobusu kimi şəhər sakinlərinin və qonaqların istifadəsinə vermişik. Turlarda iştirak edənlər avtobusda quraşdırılmış şahmat lövhələrindən istifadə edərək bu növdə özlərini sınaya bilərlər.
Olimpiyadada iştirak edəcək komandalar avqustun 25-dən Bakıya gəlməyə başlayacaqlar. Sentyabrın 1-dək komandaların hamısı paytaxtımızda olacaq. 3100-dən artıq idmançı, hakim, jurnalist, konqres iştirakçıları qeydiyyatdan keçib. Onlardan 2245 nəfəri artıq viza alıb. Qalanları isə vizalarını hava limanında alacaq. Bu proses hava limanında heç bir qələbəlik və problem yaratmayacaq. Otellərimiz və yarış zalımız olimpiadaya tam hazırdır. Bakı Şahmat Olimpiyadasının açılış mərasimi sentyabrın 1-də, saat 19:00-da Milli Gimnastika Arenasında keçiriləcək”.
1news.az