Çavuşoğlu: “Dostlarım Kəmaləddin Heydərov və Fərhad Əhmədov bizi Rusiya ilə barışdırdı”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Sputnik Türkiyə” agentliyinə müsahibəsində rəsmi Ankara ilə Moskvanın barışmasından danışıb.
Çavuşoğlunun sözlərinə görə, iki ölkə arasında böhranın aradan qaldırılmasına Azərbaycan prezidenti İlham Əliyev, Dağıstanın rəhbəri Ramazan Abdulatipov, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və keçmiş rusiyalı senator Fərhad Əhmədov öz şəxsi töhfələrini veriblər.
“Biz barışığın əldə olunması prosesinin son mərhələsində Nursultan Nazarbayevin rolundan dəfələrlə danışmışıq. Eyni zamanda İlham Əliyev də öz səylərini əsirgəmədi. Həm Qazaxıstan, həm də Azərbaycan Türkiyə üçün qardaş ölkələrdir”- deyə, Çavuşoğlu qeyd edib.
Çavuşoğlu bildirib ki, Prezident İlham Əliyevlə yanaşı iki ölkə arasında barışığın əldə olunmasında azərbaycanlı nazirlər Elmar Məmmədyarov və Kəmaləddin Heydərov da yaxından iştirak ediblər.
“Azərbaycanda mənim dostum var – fövqəladə hallar naziri Kəmaləddin Heydərov. O rusiyalı dostlarımızla bizim görüşümüzü təşkil etdi və biz qeyri-rəsmi görüşdə ata biləcəyimiz addımlarla bağlı müzakirələr apardıq”- deyə, Çavuşoğlu bildirib.
Çavuşoğlu eyni zamanda Ankara ilə Moskva arasında barışığın əldə olunmasında tanınmış iş adamı Fərhad Əhmədovun da rolunu qeyd edərək bildirib ki, Əhmədov Ərdoğanla görüşərək ona Rusiya prezidentinə məktub yazmağı təklif edib.
“Məktubun məzmununa baxdıqda görərik ki, orada Fərhad Əhmədovun dedikləri məqamlar da öz əksini tapıb. Putini yaxından tanıyan, onunla dostluq əlaqələrinə malik olan bir insan kimi Fərhad Əhmədovun təklifi çox dəyərli idi”- deyə, Çavuşoğlu qeyd edib.
1news.az