Azərbaycanda yeni sənaye zonaları yaradılacaq, zavodlar tikiləcək
Bu gün İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib.
1news.az-ın məlumatına görə, iqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev diqqətə çatdırıb ki, Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirib, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib.
Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramının icrası və sosial infrastruktur layihələrinə xüsusi diqqət göstərilməsi, qeyri-neft sektorunun inkişafı və ixracının artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, daxili bazarın qorunması, idxaldan asılılığın azaldılması, özünütəminetmə səviyyəsinin yüksəldilməsi, sahibkarlığın inkişafı, torpaqlardan səmərəli istifadə olunması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və emal müəssisələrinin yaradılması, sənaye zonalarının, aqroparkların yaradılması, süni qiymət artımının qarşısının alınması və s. tapşırıqlar verib.
Nazirliyin aidiyyəti struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında dövlət başçısının tapşırıqlarına uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən görüləcək işlər müzakirə olunub.
Kollegiya iclasında vurğulanıb ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması tədbirləri davam etdirilməli, mütəmadi təhlillər aparılmalı və təkliflər hazırlanmalıdır.
İclasda sənaye sahəsində görülən işlər müzakirə olunub və Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda Sumqayıt şəhərinə səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı sənayenin gələcək inkişafına dair verdiyi tapşırıqların icrası istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb. Məlumat verilib ki, Cənubi Qafqazda ən iri sənaye mərkəzi olacaq Sumqayıt Kimya Sənaye Parkında hazırda daxili avtomobil yollarının, Peşə Tədris Mərkəzinin, ərazidaxili elektrik xətlərinin və yarımstansiyanın tikinti-quraşdırma işləri aparılır. Sənaye Parkının 9 rezidenti tərəfindən sənaye müəssisələrinin yaradılması prosesi, eləcə də yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Balaxanı Sənaye Parkında bu ilin sonunadək infrastruktur işlərinin tamamlanması və rezident müəssisələrin fəaliyyətə başlaması planlaşdırılır.
Yüngül sənaye üzrə ixtisaslaşacaq Mingəçevir Sənaye Parkının təşkili istiqamətində işlər davam etdirilir.
Hazırda yeni yaradılmış Pirallahı Sənaye Parkında dərman zavodunun yaradılmasına hazırlıq işləri görülür və ilkin mərhələdə burada 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
6 rezidenti olan Neftçala Sənaye Zonasında bütün zəruri infrastruktur qurulub. Hazırda burada Azərbaycan-İran birgə avtomobil zavodu layihəsinin icrası üzrə müvafiq işlər görülür. Ümumilikdə, 3 rezidentin bu ilin sonunadək fəaliyyətə başlaması nəzərdə tutulur. Dövlət başçısının müvafiq Sərəncamına əsasən Masallı rayonunda yaradılan növbəti sənaye zonasının təşkili işləri davam etdirilir.
Nazir Ş.Mustafayev kollegiya iclasında Balaxanı Sənaye Parkında müvafiq infrastrukturun yaradılmasının bu ilin sonunadək başa çatdırılması, yaxın vaxtlarda Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunun tikintisinə başlanması, Masallı Sənaye Zonasının təşkili işlərinin sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti qurumlarına tapşırıqlar verib.
Bununla yanaşı, ölkənin digər regionlarında da sənaye zonalarının yaradılması məqsədilə araşdırmalar davam etdirilir. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan bu cür sənaye zonalarının yaradılması imkanları araşdırılır və işlər 3 ay ərzində yekunlaşdırılacaq.
Kollegiya iclasında idxal olunan mallar, eləcə də özünütəminat səviyyəsinin yüksək olduğu sənaye məhsulları üzrə təhlillərin aparılması barədə tapşırıqlar verilib, daxili bazarın qorunması məqsədilə gələcəkdə bu sənaye məhsullarına spesifik rüsumların tətbiqi barədə müzakirələr aparılıb. İclasda idxal mallarının yerli istehsalının təşkili üçün tədbirlərin görülməsi, sahibkarlığın təşviq olunması ilə bağlı konkret tapşırıqlar verilib. İstehsalda idxal komponentlərindən istifadənin azaldılması və yerli komplektləşdirici vasitələrdən istifadə olunması məqsədilə yaxın günlərdə yerli mebel istehsalçıları ilə sənaye müəssisələri arasında görüşün təşkili barədə Nazirliyin müvafiq strukturlarına göstəriş verilib.
Kollegiyanın sədri Ş.Mustafayev vurğulayıb ki, bu yaxınlarda Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyev böyük ixrac potensialına və ölkəyə valyuta gətirmək imkanına malik olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Bildirilib ki, pambıqçılıqla yanaşı, dövlət başçısı tərəfindən üzümçülük, tütünçülük, zeytunçuluq, fındıqçılıq, çayçılıq və digər ənənəvi sahələrin inkişafı məqsədilə qarşıya mühüm vəzifələr qoyulub. Bu tapşırıqların icrası üçün sahibkarlara güzəştli kreditlərdən və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir, mütəmadi olaraq istehsalçılarla görüşlər təşkil edilir, qarşıya çıxan məsələlər operativ həllini tapır.
Bundan başqa, dövlət başçısının tapşırığına uyğun olaraq, şəkər çuğunduru istehsalı genişləndirilməli və yeni badam bağları salınmalı, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı məqsədilə təhlillər aparılmalı, əkin sahələri genişləndirilməlidir. Bu məqsədlə 13 rayonda 86 min hektar sahənin növbəti əkin mövsümünə hazırlanması üçün su təminatı dövlət vəsaiti hesabına yaxılaşdırılacaq. Kollegiya iclasında bu sahədə araşdırmaların davam etdirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verilib.
Dövlət başçısının tapşırığına əsasən, istehsalın artması ilə bağlı yaranan tələbatı ödəmək məqsədilə pambıq emalı müəssisələri yaradılmalıdır. İxrac ediləcək pambığın və digər məhsulların daşınması üçün müvafiq nəqliyyat məsələlərinin həll olunması Dövlət İnvestisiya Proqramında nəzərə alınmalıdır. Kollegiya iclasında bu tapşırıqların icrası üçün müvafiq araşdırma və təhlillərə başlanması barədə tapşırıqlar verilib.
Kollegiya iclasında sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.
İclasda idxaldan asılılığın azaldılması və qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğu bir daha vurğulanıb. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir.
Daxili bazarın qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Ş.Mustafayev bildirib ki, Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumlarının artırılması yerli istehsalın qorunmasına, istehsalın genişlənməsinə və ixrac imkanlarının artırılmasına əlavə stumul yaradır. Bu sahədə xüsusi əhəmiyyət kəsb edən və oktyabrın 13-dən qüvvəyə minən “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunun icrası istiqamətində tədbirlər görülür.
Dövlət başçısının tapşırığına əsasən, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək, bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək, istehlak bazarında təlabatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqət daha da artırılacaq. Bu məqsədlə mütəmadi olaraq təhlilər aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq, müvafiq tədbirlər görüləcək.
Kollegiya iclasında həmçinin, qəzalı vəziyyətdə olan məktəblərlə bağlı araşdırmaların yekunlaşdırılması, məktəblərin və digər sosial obyektlərin tikintisi və təmiri məsələlərinin növbəti illərin Dövlət İnvestisiya Proqramlarında nəzərə alınması tapşırılıb.
Kollegiyanın sədri Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün Nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
1news.az