Yalamada gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək
Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik iri fermer təsərrüfatlarının, aqroparkların, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılması davam etdirilir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə bu gün İqtisadiyyat Nazirliyində keçirilmiş geniş kollegiya iclasında məlumat verilib.
İclasda qeyd edilib ki, artıq 523 hektar sahədə yaradılmış Yalama Aqroparkının birinci mərhələsi üzrə işlər başa çatdırılıb və Aqropark fəaliyyətə başlayıb. İkinci mərhələdə isə aqroparkda müasir texnologiyanın tətbiqi ilə gündəlik emal gücü 100 ton olan süd emalı zavodu tikiləcək. Zavodda istehsal olunacaq kərə yağı, quru süd və pendir daxili bazarla yanaşı, xarici ölkələrə ixrac ediləcək.
Məlumat verilib ki, Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər davam etdirilir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzi, müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı yaradılır.
Dövlət başçısının tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində, idxalın yerli məhsullarla əvəz olunmasında, ölkənin ixrac potensialının genişləndirilməsində əhəmiyyətli olacaq 20-dək aqroparkın yaradılması nəzərdə tutulur. Bu məqsədlə aqroparkların yaradılacağı yerlər və infrastruktur tələbatı müəyyənləşdirilib. Hazırda aqroparkların yaradılması üçün müvafiq işlər aparılır.
1news.az