Lənkəran şəhərində “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirilib
Oktyabrın 11-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə Tədbirlər Planına uyğun olaraq, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Lənkəran şəhərində “Azərbaycanda ənənəvi İslam dəyərləri: tarixilik və varislik” mövzusunda tədbir keçirilib.
Komitədən 1news.az-a verilən məlumata əsasən, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov və Lənkəran-Astara zonası üzrə gənclər və idman idarələrinin rəhbərləri, tələbələr və fəal gənclər iştirak ediblər.
Çıxış edən natiqlər mövzuya uyğun olaraq, ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılmasında gənclərin fəallığından və onların üzərlərinə düşən vəzifələrdən ətraflı danışıblar.
Çıxışçılar məruzələrində respublikamızda mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılmasında gənclərin fəallığının daha da artırılması, müasir ailə dəyərlərinin formalaşması, multikultural dəyərlər, milli və dini tolerantlıq, dünyəvilik prinsiplərindən, ölkədə dini etiqad azadlığının təmin olunmasından və azərbaycançılıq məfkurəsinin geniş təbliğinin zəruriliyindən bəhs ediblər. Dini ekstremizmə qarşı mübarizədə gənclərin əməli fəaliyyətinin daha da intensivləşməsinin vacibliyi çıxışlarda xüsusilə qeyd olunub.
Tədbirdə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filmi nümayiş etdirilib.
1news.az