Bu il Azərbaycanda 20 mindən artıq sürücü saxlanılıb
Bu ilin 9 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 20 min 56 nəfər keçib. Onlardan 715-i narkotik vasitələrin istifadəsinə görə müayinə edilib və 358 nəfərin narkotik istifadəçisi olduğu aşkarlanaraq müvafiq qeydiyyata götürülüb.
1news.az xəbər verir ki, bu məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb.
Hesabatda, həmçinin bildirilir ki, cari ilin 9 ayı ərzində 2 min 83 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 890 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 970 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları”(F11) diaqnozu ilə müalicə alır.
Eyni zamanda, metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə 197 xəstə müalicə alır. Onlardan 145 nəfəri Respublika Narkoloji Mərkəzində, 52 nəfər isə Respublika QİÇS-lə Mübarizə Mərkəzindədir.
1news.az