Azərbaycanda “Uşaq hüquqları aylığı” keçiriləcək
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı” keçirilir.
1news.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Uşaq hüquqları aylığı”nın keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına, şəhər və rayon icra hakimiyyətlərinə məktubla müraciət edilib.
Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunub və uğurla həyata keçirilir. Hər il dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə müxtəlif maarifləndirmə tədbirləri, müsabiqələr və sərgilər təşkil olunur.
Aylıq çərçivəsində bu il keçiriləcək tədbirlər də ölkəmizdə uşaq hüquqlarının müdafiəsinə töhfə verəcək.
Xatırladaq ki, bu il Azərbaycan tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 27 il ötür. Noyabrın 20-si isə bir çox ölkələrdə Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur.
1news.az