Azərbaycan və Avropa Voleybol Federasiyaları arasında rəsmi müqavilə imzalanıb - FOTO
Azərbaycanın və Gürcüstanın 2017-ci ildə birgə ev sahibliyi edəcəyi voleybol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı noyabrın 23-də rəsmi müqavilə imzalanıb.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, Gürcüstanın idman və gənclərlə iş üzrə nazirinin birinci müavini Şalva Qoqoladze və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov tədbirdə çıxış edərək ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycanda digər istiqamətlərdə olduğu kimi, idman sahəsində də sürətli irəliləyiş müşahidə edilməkdə, mühüm nailiyyətlər qazanılmaqdadır. Dövlətimizin başçısı ölkəmizdə idmanın inkişafına daim yüksək diqqət və qayğı göstərir. Azərbaycan Prezidentinin bu diqqət və qayğısı fəaliyyətimizə böyük stimul verir.
Bu mötəbər yarışın ölkəmizdə uğurla keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamına əsasən Təşkilat Komitəsinin yaradıldığını diqqətə çatdıran C.Qurbanov deyib: “Ölkəmiz irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Ümid edirəm ki, idmançılar, rəsmilər, nümayəndə heyətlərinin üzvləri gələn il də Azərbaycanda yüksək qonaqpərvərliyin və mükəmməl təşkilatçılığın şahidi olacaqlar”.
Azərbaycanda uğurla keçirilən mötəbər beynəlxalq turnirlər barədə qonaqlara məlumat verən gənclər və idman naziri Azad Rəhimov deyib: “Azərbaycan birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, güləş, boks və bədii gimnastika üzrə dünya çempionatlarına uğurla ev sahibliyi edib. Həmin yarışlarda iştirak edən idmançılar, rəsmilər və digər qonaqlar ölkəmizdən xoş təəssüratlarla ayrılıblar. Gələn il təşkil ediləcək Avropa çempionatının ölkəmizin idman tarixində xüsusi yeri olacaq. Çünki voleybolçu qızlarımız həmişə öz uğurları ilə bizi sevindiriblər. Qızlarımız bir çox beynəlxalq turnirlərin mükafatçıları sırasında yer alıblar. Ümid edirəm ki, gələn il qitə birinciliyində onlar bizi yenidən sevindirəcəklər”.
Gürcüstanın idman və gənclərlə iş üzrə nazirinin birinci müavini Şalva Qoqoladze ölkələrimiz arasındakı sıx əməkdaşlıqdan danışıb, Avropa çempionatına ev sahibliyi etməkdən məmnunluqlarını diqqətə çatdırıb. O, çempionatın yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.
Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç hər iki ölkəyə uğurlar arzulayaraq deyib: “Azərbaycanda idmanın inkişafı bizi çox sevindirir. Neçə ildir voleybolla məşğul oluram. Ancaq ilk dəfə görürəm ki, dövlət başçısı tərəfindən yarışın keçirilməsi üçün Təşkilat Komitəsi yaradılır. Komitənin tərkibində yüksək vəzifəli şəxslər yer alıb. Biz bu addımı alqışlayırıq. Hər iki ölkə keçən il böyük turnirlərə ev sahibliyi etdilər. Biz Bakıda keçirilən ilk Avropa Oyunlarından, Tbilisidə təşkil olunan Gənclərin Yay Olimpiya Festivalından xoş təəssüratlarla ayrıldıq. Ümid edirəm ki, gələn il hər iki ölkə bu uğuru təkrarlayacaq”.
Çıxışlardan sonra C.Qurbanov, A.Rəhimov və Ş.Qoqoladze müqaviləni imzalayıblar.
Gələn il sentyabrın 19-dan oktyabrın 1-dək keçiriləcək “Avro-2017”də bir qrupun bütün oyunları və dörddəbir final görüşləri Gürcüstanda təşkil olunacaq. Digər üç qrupdan birinin qarşılaşmaları Göygöldə, digərləri isə Bakıda oynanılacaq. Çempionatın həlledici görüşləri – yarımfinal və final oyunları Bakıda keçiriləcək.
Yarışda 16 komanda mübarizə aparacaq. Ev sahibləri Azərbaycan və Gürcüstan, “Avro-2015”in mükafatçıları Rusiya, Hollandiya, Serbiya, eləcə də ilk beşlikdə qərarlaşan Türkiyə və Almaniya mübarizəyə birbaşa final mərhələsindən başlayacaqlar. İkinci seçmə mərhələdə çempionata İtaliya, Belçika, Polşa, Xorvatiya, Bolqarıstan və Belarus, pley-offdan isə Çexiya, Ukrayna və Macarıstan qoşulacaq.
Qeyd edək ki, bir gün əvvəl Gürcüstan Voleybol Federasiyası (GVF) da Avropa Voleybol Konfederasiyası ilə rəsmi müqavilə imzalayıb. Mərasimdə GFV-nin prezidenti İrakli Çaçua, Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili, Tbilisi meri David Narmania, CEV-in prezidenti Aleksandar Boriçiç və digərləri iştirak ediblər.
1news.az