İlham Əliyev. Hər bir azərbaycanlının Prezidenti
“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir.
Belə nadir şəxsiyyətlərdən biri, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 13 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Azərbaycan xalqının Prezident İlham Əliyevə məhəbbətinin, inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət başçısına xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə tutmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına hesablanır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
İlham Əliyev: Şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz
2003-cü ildə “Zəngin və qüdrətli Azərbaycan uğrunda” çağırışı ilə milyonları öz ətrafında toplayan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi daha müvəffəqiyyətlə həyata keçirilməyə başlandı. Dövlət başçısının xidmətləri ilə Azərbaycanda demokratik prosesi sürətləndirən siyasi islahatlar dönməz xarakter aldı. Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsini prioritet elan edən Prezident bu kimi halların aradan qaldırılması üçün təsirli tədbirlər gördü.
“Şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. Çünki şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz”, - deyən Prezident İlham Əliyev dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlarla dövlət strukturları arasında bürokratik maneələrin aradan qaldırılması üçün aparılan islahatlar çərçivəsində innovativ addım atdı - Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. Dövlət başçısı agentliyin nəzdində dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılmasına göstəriş verdi. Bununla da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu.
Prezident İlham Əliyev şəffaflığın təmin edilməsində peşəkar və müstəqil medianın formalaşmasını başlıca şərt hesab edir. Dövlət başçısı söz azadlığının, insanların obyektiv informasiya əldə etmək hüququnun təmin olunmasına yönəlmiş mühüm addım kimi KİV-lərin inkişafına və müstəqilliyinə dəstək vermək üçün xüsusi dövlət mexanizmi yaratdı. Hər il dövlət hesabına redaksiyalara birdəfəlik maliyyə yardımlarının göstərilməsinə başlandı. Mediaya dəstəyini getdikcə artıran Prezident 2010-cu ildə Mətbuat Şurasından edilən müraciətləri nəzərə alaraq jurnalistlər üçün Bakıda yaşayış binasının tikintisi haqda qərar verdi və bu bina 2013-cü ildə istifadəyə verildi. Jurnalistlər üçün tikilmiş daha bir yaşayış binası isə bu yaxınlarda onların ixtiyarına veriləcək. Dünya praktikasında ilk dəfə məhz Azərbaycanda jurnalistlər üçün ev tikilərək istifadəyə verildi.
Hazırda ölkədə internet azadlığının təmin olunması da mühüm prioritetlərdən biridir. Artıq əhalinin 70 faizinin internetə çıxış imkanı var. Prezident İlham Əliyevin Azərbaycanda söz və mətbuat azadlığının inkişafına dəstəyini yüksək qiymətləndirən media təmsilçiləri dövlət başçısını “Jurnalistlərin dostu” elan etdilər.
Azərbaycanın xarici siyasəti artıq dünya birliyində uğurlu siyasət kimi tanınır
Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi.
BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Azərbaycana həvalə olunması da mühüm əhəmiyyət kəsb edir. Diplomatiya tariximizin mühüm uğuruna çevrilən bu hadisə ölkəmizin Avropa ailəsinin üzvü olmaq istiqamətində müvəffəqiyyətli addımlar atmasının, özünün demokratik imicini daha da möhkəmləndirməsinin, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verməsinin təsdiqi kimi də xarakterizə olunur.
Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi. Erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi, dünya birliyi onların əsl simasını gördü. Azərbaycan Prezidenti Qarabağ uğrunda müharibəni hücum diplomatiyasına keçirərək beynəlxalq təşkilatların diqqətini bu problemə yönəltdi. Bununla da dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya çevrildi.
Son on ildə dünya miqyasında iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb
Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının inkişafının davamlı xarakter almasıdır. Müəllifi ulu öndər Heydər Əliyev olan neft strategiyasının uğurlarını davam etdirməklə dövlət başçısı daha güclü iqtisadi model üzərində işlədi və elə prezidentliyinin ilk illərində bu məqsədə nail oldu.
Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişaf dövrünə qədəm qoydu, Azərbaycanın dövlət büdcəsi artdı, açılan yeni iş yerlərinin sayı 1 milyon 300 mini keçdi, yoxsulluq 50 faizdən 5 faizə düşdü. Dünyada ən sürətli templərlə inkişaf edən Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artdı. Ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyuldu. Heç bir başqa ölkədə son on il ərzində iqtisadiyyat bu qədər artmayıb. Özü də bu inkişafa qlobal iqtisadi böhranın tüğyan etdiyi şəraitdə nail olunub. Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə bağlı ciddi tədbirlər görüldü, maaşlar, pensiyalar artırıldı. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini yüksəltdi. Ölkəmiz rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında öz yerini daha da möhkəmləndirdi.
Ötən müddətdə aqrar-sənaye kompleksində islahatlar genişləndi, əhalinin çoxəsrlik arzusu reallaşdı və onlar torpağın həqiqi sahibinə çevrildilər. Ölkədə güclü sahibkarlar sinfi formalaşdı. Dövlət xətti ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrıldı.
Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən nadir ölkələrdən biridir.
Bu gün ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun yüksəlişi daha çox diqqəti cəlb edir, çoxşaxəli iqtisadiyyatın inkişafı təmin olunur. Bu sahədə turizm sektorunun güclənməsini prioritet elan edən Prezident İlham Əliyev Azərbaycanda bu sektorun kompleks inkişafını diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, son illərdə Azərbaycana gələn turistlərin sayı sürətlə artır.
Azərbaycan öz təşəbbüsləri və layihələri ilə Avropanın enerji xəritəsini dəyişir
Prezident İlham Əliyevin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini böyük müvəffəqiyyətlə həyata keçirməsi nəticəsində bu gün Azərbaycan dünyada çox etibarlı ölkə kimi tanınır. Dövlət başçısının enerji siyasəti ilə bağlı təşəbbüsləri və reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas aldı. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatdırıldı və 2006-cı ildə açılışı oldu. Bununla da “Əsrin müqaviləsi”ndən sonra Azərbaycana külli miqdarda investisiyanın daxil olması prosesi daha güclü xarakter aldı.
İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malikdir. Bunu təsdiq edən ən böyük amillərdən biri 2012-ci ildə Azərbaycanla Türkiyə arasında dünyanın ən böyük enerji layihələrindən olan TANAP layihəsinin icrasına başlanmasıdır. 2013-cü ildə imzalanmış “Şahdəniz-2” üzrə yekun investisiya qərarı isə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək. Nəhayət, 2014-cü il sentyabrın 20-də Azərbaycanın yeni tarixinə və enerji siyasətinə qızıl hərflərlə yazılan başqa bir möhtəşəm hadisə baş verdi - XXI əsrin qlobal enerji layihəsi adlandırılan “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Əlbəttə, bu cür böyük layihələrin həyata keçirilməsi xalqımızın rifahını daha da yaxşılaşdırmaqla yanaşı, Azərbaycanı çox önəmli beynəlxalq oyunçuya, həlledici söz sahibinə çevirir, ölkəmizin siyasi və iqtisadi maraqlarını təmin edir.
Azərbaycanın regionlarının inkişafı uğurla həyata keçirilən sosial-iqtisadi strategiyanın mühüm tərkib hissəsidir
Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan üç dövlət proqramı bölgələrlə paytaxt arasındakı inkişaf fərqini aradan qaldırdı. Bu proqramlar, həmçinin regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı imzalanmış sərəncamlar üzrə nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verdi. Bölgələrimizin siması sürətlə dəyişdi. Əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni istehsal sahələrinin açılması regionlarımızı da ümumi inkişaf prosesinin ən mühüm parçasına çevirdi.
Dövlət başçısının səmərəli fəaliyyəti Azərbaycan vətəndaşlarının üzləşdiyi problemlərin həllində də mühüm rol oynayır. Bu, Prezident-vətəndaş münasibətlərində əsas amil olmaqla ölkəmizin inkişafında, cəmiyyətdə inam, etimad mühitinin formalaşmasında da aparıcı funksiya daşıyır. 2010-cu ildə ölkənin 40 rayonunu əhatə edən Kür daşqınlarının aradan qaldırılmasında Prezident İlham Əliyevin göstərdiyi qətiyyət bu fikri bir daha təsdiqləyir.
Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordulardan biridir
Peşəkar ordusu olan ölkənin müstəqilliyi də əbədidir. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Odur ki, 2003-cü ildən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar ordumuzun gücünə əlavə güc qatır. Bu gün Azərbaycanı dünya birliyində layiq olduğu yerə gətirən faktorlar sırasında Silahlı Qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu mühüm yer tutur.
Son vaxtlar həm Azərbaycanda müasir silah və texnika istehsal olunur, eyni zamanda, xaricdən aldığımız avadanlıq, texnika, silah-sursat ən müasir standartlara cavab verir. Hava hücumuna qarşı ən müasir qurğular əldə edilib. Ordumuzda ən güclü artilleriya qurğuları var. Böyük dəqiqliyə və dağıdıcı qüvvəyə malik olan raket sistemləri, döyüş və nəqliyyat helikopterləri, döyüş təyyarələri, zirehli texnika, tanklar – bütün bunlar bu gün Azərbaycan Ordusunun potensialını təşkil edən amillərdir. Bu gün Azərbaycan Ordusu Dağlıq Qarabağdakı istənilən obyekti məhv edə bilər.
2014-cü ilin avqustunda təmas xəttində düşmənin diversiya qrupunun darmadağın edilməsi, bir neçə ay sonra Azərbaycanın hava məkanına soxulan düşmən helikopterinin məhv edilməsi Azərbaycan Ordusunun gücünü açıq-aşkar göstərdi. Azərbaycan Silahlı Qüvvələri hər cəhətdən düşməndən qat-qat yüksək olduğunu nümayiş etdirdi. 2016-cı ilin aprelində də belə oldu. Qəhrəman ordumuz Ermənistanın təmas xəttində törətdiyi təxribatın qarşısını mərdliklə aldı. Əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu işğal altında qalan Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarət etmək imkanı qazandı. Bununla da Azərbaycan Ordusu düşmənə öz qüdrətini göstərdi, tariximizə şanlı səhifə yazdı.
Prezident İlham Əliyevin sosial siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır
Artıq neçə illərdir ki, ölkədə sosial sahələrin dirçəldilməsi, bu sektorlara güclü investisiya axınının müşahidə olunması Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir. Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezidentin diqqət və qayğısı sayəsində Azərbaycanın müasir təhsil modeli yarandı, ölkədə yeni təhsil konsepsiyası formalaşdı. Milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoydu və buna da nail oldu. 2003-cü ildən indiyə qədər ölkədə üç minə yaxın məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı çərçivəsində dörd mindən çox məktəb kompüter avadanlığı ilə təmin edilib.
Azərbaycanda elmi potensialın gücləndirilməsi sahəsində də mühüm işlər görülüb. Ötən illər ərzində elmi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ölkə üçün zəruri olan kadrların hazırlanması işinə böyük töhfə verir. Dövlət Proqramı çərçivəsində beş mindən çox gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi proqramda öz əksini tapıb.
Təhsillə yanaşı, ölkədə səhiyyə islahatları da uğurla reallaşıb. Əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət proqramları müstəsna rol oynadı. Səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, qan xidməti, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası üzrə yeni proqramlar da qəbul edildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədəki tibb ocaqlarında xidmətin keyfiyyəti yaxşılaşdı. Aztəminatlı və ağır xəstəliklərdən əziyyət çəkən insanların pulsuz dərmanlarla təmin olunması və müalicəyə cəlb edilməsi diqqət mərkəzində saxlanıldı. Son illərdə səhiyyə sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik isə bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atdı. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir.
Prezident İlham Əliyev Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdıb
Prezident İlham Əliyev həm də Azərbaycanı idman ölkəsinə çevirməyi qarşıya məqsəd qoymuşdu. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan beynəlxalq miqyasda artıq idman ölkəsi kimi tanınır. Bu məqsədə çatmaq üçün bütün ölkə ərazisində müasir idman infrastrukturu yaradıldı. Prezidentin sərəncamları əsasında çoxsaylı yeni, müasir idman obyektləri tikildi, eyni zamanda, yararsız vəziyyətə düşmüş köhnə idman bazaları təmir olundu və yenidən qurulu. İdman infrastrukturu təkcə paytaxtda deyil, respublikamızın regionlarında da inkişaf etdirildi. Ötən illər ərzində Azərbaycanda Olimpiya hərəkatı yeni inkişaf mərhələsinə daxil oldu, gənclər arasında Olimpiya idman növlərinə maraq daha da artdı. Bunu son illərdə Yay Olimpiya Oyunlarında idmançılarımızın qələbələri də təsdiqləyir. İdmançılarımız hər Olimpiya Oyunlarında medalların sayını daha da artırdılar. Bu il keçirilən Rio Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları tarixi nailiyyətə imza atdılar. Tarixdə ilk dəfə aktivinə 18 medal yazan Azərbaycan medalların sayına görə 14-15-ci yerləri bölüşdü. Azərbaycan Avropa ölkələri arasında 7-ci, MDB respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərarlaşdı.
2015-ci ilin yayında ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə Azərbaycan idman ölkəsi kimi tarixə düşdü. Möhtəşəmliyinə və yüksək səviyyədə hazırlığına görə böyük rezonans doğuran bu tarixi idman hadisəsi ölkəmizin dünya miqyasında rolunu daha da artırdı, xarici turistlərin Azərbaycana axınını gücləndirdi. 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi qərara alındı.
2016-cı ildə paytaxt Bakı müstəqillik tarixinin növbəti qitə əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi etdi. Belə ki, şəhərimizdə dünyanın ən nüfuzlu idman yarışlarından biri - “Formula-1” Avropa Qran-prisi keçirildi və ölkəmiz növbəti dəfə bütün dünyanın diqqət mərkəzində oldu.
Bu il Bakıda keçirilən idman yarışları arasında 42-ci Dünya Şahmat Olimpiadasını da vurğulamaq lazımdır. Yay Olimpiya Oyunlarından sonra dünyada ən kütləvi idman yarışı olan Şahmat Olimpiadasının bu dəfə Bakıda keçirilməsi, heç şübhəsiz ki, Azərbaycanın idmana verdiyi önəmdən qaynaqlandı. İştirakçı ölkələrin sayına görə Bakıda keçirilən yarışlar Olimpiada tarixinə rekord kimi daxil oldu.
Prezident İlham Əliyev gənclərimizi aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə çox böyük işlər görüb. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənc ailələrə kömək göstərilməsi, onların sosial problemlərinin həlli, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi dövlət başçısının fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Bütün bu qayğı və diqqət Azərbaycan gənclərinin gələcəyə böyük inamını formalaşdırdı. Gələcəyə inam isə gənclərin öz fəaliyyətlərində daha böyük uğurlar əldə etməsi üçün güclü zəmindir.
Multikulturalizm və tolerantlıq Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılıb
Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Tolerantlığın Azərbaycan modeli dünyada ən mükəmməl nümunədir. Odur ki, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi təsadüfi deyil.
Azərbaycan xalqının digər dinlərin və mədəniyyətlərin nümayəndələrinə göstərdiyi yüksək tolerantlığın nəticəsidir ki, ötən ay Roma Papası Fransisk ölkəmizə səfər etdi. Papa Fransiskin bu tarixi səfəri bir daha ölkəmizdə müxtəlif dini icmalar üçün yaradılan şəraiti bütün tərəfləri ilə nümayiş etdirdi. Bu, təsdiqlədi ki, ölkəmizdə dini-milli zəmində heç vaxt münaqişələr, qarşıdurmalar baş verməyib, Azərbaycandakı dözümlülük, tolerantlıq mühiti, multikultural dəyərlərə sadiqlik unikal qardaşlıq və dostluq mühiti yaradıb. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına son dərəcə həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar indi ölkəmizdə mövcud olan milli-mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib.
Prezident İlham Əliyevin mədəniyyət konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşıb, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açıb. Bu layihələr sayəsində indi Azərbaycanı dünyada daha yaxşı tanıyırlar, Azərbaycan mədəniyyətinin sorağı hazırda böyük səhnələrdən gəlir, ölkəmizin təbliğinə xidmət edir. Musiqimizin təməl daşı olan muğam artıq dünya musiqisinə çevrilib. “Eurovision” kimi beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edən Azərbaycan bununla da müsabiqə tarixinə möhür vurub. Özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox diqqəti cəlb edən bu hadisə göstərdi ki, Qərblə Şərqin qovuşuğunda yerləşən Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olub.
Azərbaycanı qarşıda daha böyük və gözəl gələcək gözləyir
Beləliklə, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın müstəqillik dayaqları daha da möhkəmləndi, ölkəmiz dünyada söz və nüfuz sahibinə çevrildi. Bu fəaliyyətin təməlində xalqa bağlılıq, ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyasının cəmiyyətdə daha da bərqərar olması kimi strateji amil dayandı. Prezident İlham Əliyev çalışır ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz milli kimliklərini dərk etsinlər və qorusunlar, Azərbaycanın dilini, mədəniyyətini, mütərəqqi ənənələrini, tarixini yaşatsınlar, inkişaf etdirsinlər. Bu da bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin təminatı baxımından ən mühüm şərtlərdən biridir. İlham Əliyevi xalqın sevimlisinə çevirən amillər sırasında təbii ki, onun tariximizə, şanlı keçmişimizə, müstəqilliyimizin simvolu olan dövlət atributlarına hörmət və ehtiram da xüsusi yer tutur. Məhz onun bu sahədə həyata keçirdiyi fəaliyyət konsepsiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi üçün strateji xətdir.
Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı: Bu, modern Azərbaycan dövləti modelidir. Onun rəhbərliyi ilə görülən işlər ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir.
Prezident İlham Əliyevin reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır. Bu illər ərzində İlham Əliyev gördüyü işlərlə bir daha sübut etdi ki, o, doğrudan da hər bir Azərbaycan vətəndaşının prezidentidir.
Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 55 yaşı tamam olur. Bu münasibətlə dünya ölkələrinin liderləri dövlətimizin başçısına ünvanladıqları təbrik məktublarında Azərbaycanın hərtərəfli nailiyyətləri - cəmiyyətin rifahının yüksəlməsi və iqtisadiyyatın dinamik inkişafı, dövlətçiliyinin və dünyada nüfuzunun getdikcə artması vurğulanır. Çoxsaylı təbrik məktublarının demək olar ki, hamısında Prezident İlham Əliyevin təcrübəli və uzaqgörən dövlət xadimi kimi beynəlxalq aləmdə yüksək nüfuza sahib olduğu, onun ali fəaliyyətinin Azərbaycanın gələcək uğurlu tərəqqisinə, cəmiyyətin sürətli inkişafına və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə yönəldiyi xüsusi qeyd edilir.
AZƏRTAC