“The Reporter” qəzetində “ASAN xidmət”in fəaliyyəti barədə məqalə dərc edilib – FOTO
Efiopiyanın aparıcı və böyük oxucu kütləsinə malik olan “The Reporter” qəzetində “ASAN xidmət”in fəaliyyəti barədə məqalə dərc edilib.
1news.az-a səfirlikdən verilən xəbərə görə, məqalədə “ASAN xidmət”in bu ilin dekabr ayında Afrika İttifaqının mənzil-qərargahında 54 üzv ölkələrin nümayəndələrinin qarşısında keçirilmiş təqdimatı barədə məlumat verilir, ölkəmizin vətəndaşlara xidmət göstərilməsi sahəsində əldə etdiyi təcrübəsinin Afrika ölkələri ilə bölüşməsinə hazır olduğu vurğulanır.
Məqalədə “ASAN xidmət”in Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsi sahəsində ölkədə aparılan islahatların çərçivəsində təsis edildiyi vurğulanır, Azərbaycanın bu brendinin BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanındığı bildirilir.
Həmçinin məqalədə paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerləşən “ASAN xidmət” mərkəzlərində dövlət və özəl qurumlar tərəfindən 230-dan çox xidmətin vətəndaşlara göstərildiyi bildirilir. Dünya standartlarına cavab verən “ASAN xidmət” mərkəzlərin fəaliyyəti barədə məlumat verilərək, bu Mərkəzlərdə insanlara operativ və rahat formada və müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə xidmət göstərildiyi, bunun da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynadığı bildirilir.
“ASAN xidmət” mərkəzləri və avtobusları, habelə “ASAN Viza” Portalı kimi innovativ mexanizmlər vasitəsilə dövlət tərəfindən həm Azərbaycan, həm də xarici ölkə vətəndaşlarının rahatlığının təmin edilməsinin bariz nümunəsi olduğu qeyd edilir. Azərbaycanın dövlət xidmətlərin təkmilləşdirilməsi üzrə qabaqcıl təcrübəsi dünya ölkələri, o cümlədən Afrika qitəsinin ölkələri üçün maraqlı ola biləcəyi vurğulanır.
1news.az