Ərdoğan: “İstanbulda baş verən terror aktı regiondakı ümumi vəziyyətlə bağlıdır”
Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbulda törədilən terror hadisəsi ilə bağlı açıqlama verib.
1news.az-ın məlumatına görə, Ərdoğan xaosa yol verməyəcəklərini bildirib:
“Terror aktları törətməklə ölkədə xaos yaratmağa çalışırlar. Amma buna imkan verməyəcəyik. Müxtəlif terror qruplaşmaları ölkəmizi hədəf alıb. Ölkəmizə qarşı edilən bu terror hadisələri bölgədəki ümumi vəziyyətlə, burada baş verən hadisələrlə bağlıdır. Türkiyəyə yönəlmiş təhdid və hücumları mənbəyində yox etmək mövzusunda qərarlıyıq”.
Türkiyə prezidenti terror vaxtı yaxınlarını itirənlərə başsağlığı və yaralılara şəfa diləyib:
“Ölkə və millət olaraq terror qruplaşmaları və onların arxasındakı güclərin təkcə silahlı yox, eyni zamanda iqtisadi, siyasi və sosial hücumlarına qarşı da mübarizə aparacağıq. Millətimizin əmin-amanlığını əlindən almaq istəyənlər və onların əlaltıları mülki vətəndaşları da hədəf alaraq Türkiyədə sabitliyi pozmaq, xalqın əhvalını korlamaq və xaos yaratmaq istəyirlər.
Amma biz millət olaraq soyuqqanlılığımızı qorumalı, bir-birimizə yaxınlaşmalı və bu oyunlara şərait yaratmamalıyıq. Terrora qarşı mübarizə davam edəcək. Bizi heç kəs və heç nə yolumuzdan döndərə bilməz”- deyə, Ərdoğan vurğulayıb.
1news.az