Nurayın xalası məhkəməyə müraciət edib
“Nurayın qəyyumu, yəni xalası, artıq Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib”.
1news.az xəbər verir ki, bu barədə hüquqşünas Tağı Hüseynov məlumat verib.
Quba Rayon Məhkəməsində 10 yaşlı Nuray Bayramzadə ilə bağlı baş verən məlum hadisə barədə danışan hüquqşünas deyib ki, qüvvədə olan məhkəmə qətnaməsi var ki, uşaq bioloji atasına verilsin. Lakin, bu qətnamənin icrası zamanı azyaşlıya zor tətbiq etmək qanunsuz hərəkətdir:
“İstənilən halda azyaşlıya zor tətbiq edilməməli idi. Bu, uşağın psixoloji durumuna birbaşa zərbədir. Əslində qətnamənin qüvvədən düşməsi üçün Nurayın qəyyumu tərəfindən tədbirlər görülməli idi. Axı acizlik özü-özünə zülm etməkdir. Hüququnu bilməmək insana həmişə bəla və yaxud çətinliklər gətirir”.
T.Hüseynovun sözlərinə görə, gözlənildiyi kimi Nurayın bioloji atasının valideynlik hüququndan məhrum edilməsi ilə əlaqədar Nurayın qəyyumu, yəni xalası, artıq Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
“Ümid edirəm ki, məhkəmə ədalətli qətnamə qəbul edib iddianı təmin edəcək və Nuray öz xalasının yanında qalacaq”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşaq məhkəmə icraçıları tərəfindən açıq zorakılıqla üzləşib.
1news.az