Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılır - XƏRİTƏ
Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur.
“Azəravtoyol” ASC-dən 1news.az-a verilən məlumata görə, bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti 16 yanvar 2017-ci il tarixindən etibarən məhdudlaşdırılacaq.
Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq. Bu müddət ərzində yarana biləcək narahatlığa görə, vətəndaşlardan öncədən üzr istəyirik və sürücüləri aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.
Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq. Prospektin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən 2 - 5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7 - 17,5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11 - 23,5 metr təşkil edəcək.
1news.az