ABŞ-Rusiya: güc nümayişi və qarşılıqlı ittihamlar – Newtimes.az
Soçidən bir qədər aralıda Rusiyaya məxsus hərbi təyyarənin qəzaya uğraması müəyyən sualların yaranmasına səbəb olub. Ekspertlər terror versiyasını araşdırırlar, ancaq məsələ yalnız bununla bağlı deyil.
Daha düşündürücüsü odur ki, təyyarə olayı, ümumiyyətlə, Vaşinqtonla Moskva arasında hərbi imkanlarla bağlı mübahisələrin şiddətlənməsi, qarşılıqlı ittihamların artması, Ukraynada hərbi toqquşmaların intensivləşməsi və Suriyada vəziyyətin xeyli ağırlaşması fonunda baş verib. Bütün bunlar sistem halında qlobal geosiyasi mənzərəyə necə təsir göstərə bilər? Vaşinqtonla Moskva arasında münasibətlər daha da kəskinləşə bilərmi? Yaxud silahlanma yarışı yenidən alovlanarmı?
Kim daha güclüdür: iki böyük dövlətin qarşıdurması
Son günlər dünyanın iki supergücü – Amerika ilə Rusiya arasında hərbi qüvvələrin müqayisəsi ilə bağlı qiyabi dialoq gedir. Rəsmi Moskva dünyada ən güclü "nüvə üçlüyü"nə malik olduğunu bəyan edib. Buna cavab olaraq, Vaşinqton dərhal dünya tarixində ən mükəmməl orduya malik olduğunu bəyan edib. Əlavə olaraq, D.Tramp Amerikanın nüvə imkanlarını daha da artırmaqda maraqlı olduğunu bildirib.
Ekspertlər bunu ABŞ-ın yeni prezidentinin ölkənin dünyada ən güclü hərbi nüvə sisteminə malik olmasını təsdiq etməsi kimi qiymətləndiriblər. Üstəlik, D.Tramp daha qabağa gedərək, "MSNBC" telekanalına bildirib: "Qoy nüvə silahı üzrə silahlanma yarışına başlasınlar. Biz onlara hər addımda üstün gələcəyik və geridə qoyacağıq" (bax: Trump on Nukes: "Let it be an arms race" / "MSNBC", 23 dekabr 2016).
Maraqlıdır ki, bunlara Rusiya prezidenti sakit reaksiya verib. O, ölkə vətəndaşları ilə ənənəvi onlayn görüşdə deyib ki, "ABŞ-ın yeni prezidenti normal fikirlər bildirib. Doğrudan da, Amerika dünyanın ən güclü ordusuna malikdir, bununla heç kəs mübahisə etmir. Ancaq ABŞ-ın getməkdə olan administrasiyası uduzduğunu sakit qarşılaya bilmir. Biz isə istənilən potensial təcavüzkardan güclü olduğumuzu deyirik və bu, belədir" (bax: Путин отреагировал на слова Трампа о ядерном потенциале США / "РИА Новости", 23 dekabr 2016).
Bütün bunlar hansı proseslərin əlamətləri ola bilər? Aydındır ki, artıq Amerika ilə Rusiya əvvəlki münasibətlərə qayıda bilmirlər. Onlar arasında gərginlik zaman-zaman fərqli məsələlər səbəbindən alovlanır. Lakin problemlərin hamısı qlobal geosiyasi hadisələrlə bağlı olur. Analitiklər də etiraf edirlər ki, dünyanın yenidən bölüşdürülməsi, liderlik və regionlarda nüfuz uğrunda savaş yeni səviyyəyə yüksəlib. Bir qədər öncə üstüörtülü və diplomatik ibarələrlə deyilən sözlər indi açıq şəkildə çatdırılır. Tərəflər konkret olaraq kimin daha güclü hərbi potensiala malik olması barədə mübahisə edirlər. Onun səbəbi nə ola bilər?
Burada ilk olaraq Suriyada baş verənlərə diqqət çəkilir. Hələbdən Suriyanın müxalif qüvvələrinin sıxışdırılıb çıxarılması regionda qüvvələr nisbətini bir qədər dəyişib. Özü də Rusiya və rəsmi Dəməşqə bu prosesdə Türkiyə yaxından yardım göstərib. Ankara əvəzində Əl-Bab və Münbici ələ keçirməyə Moskva və Dəməşqin mane olmaması təminatını alıb. Artıq Əl-Babda türk ordusunun işi tamamlaması qısa zamana bağlıdır. Rəsmi Ankara elitar hissələri göndərməkdədir. Onların sayı az, döyüş qabiliyyəti isə çox yüksəkdir. Yeni hərbi kontingent Suriyada hücum güclərini arxadan qorumalı, onları terror aktlarından mühafizə etməlidir.
Deməli, Hələbin Əsəd ordusu tərəfindən ələ keçirilməsi yalnız hərbi hadisə deyil. Bu əməliyyat həm də Rusiyanın geosiyasi addımları ilə səsləşməkdədir. Ənənəvi olaraq, ABŞ-ın müttəfiqi olan Türkiyə indi Rusiya-İran ikiliyi ilə birgə hərəkət edir. Təbii ki, Vaşinqton buna reaksiya verməli idi. O başqa məsələdir ki, həmin reaksiyada hərbi güc nümayişi az yer tutmur.
Amerika həm dostları, həm də düşmənlərinə çatdırır ki, dünyanın ən qüdrətli hərbi gücüdür və deməli, rusların Suriyadakı uğurları müvəqqətidir. Mübarizə bundan sonra başlayır. Buna qarşılıq Kreml özünün hərbi potensialı ilə bağlı nikbin fikirləri dünyaya bəyan edir. Prezident V.Putin daha ehtiyatlı mövqe tutaraq, istənilən təcavüzkara cavab verə biləcəklərini bildirir. Əslində, Rusiya prezidenti bir çox dövlət başçısının da ifadə etdiyi fikri deyib. Çünki əksər dövlətlər bəyan edirlər ki, istənilən təcavüzə qarşı durmağa hazırdırlar. V.Putin bu cür sakit və normal psixoloji durumu ilə Amerika rəsmilərini üstələyir – Ağ Ev nədənsə aqressiv və həyəcanlı görünür.
Havada partlayış: terror, yoxsa təsadüf?
Başqa bir məsələ Ukrayna ilə bağlı müşahidə edilən proseslərlə əlaqəlidir. Burada Ukrayna ordusunun Donbasda hücum əməliyyatlarını aparması diqqəti çəkir. Yayılan informasiyalara görə, ağır döyüşlər gedir. Hər iki tərəf itki verir. Lakin aydındır ki, Ukrayna məsələsində Qərblə Rusiyanın əvvəllər əldə etdikləri sazişin şərtləri pozulub. O cümlədən Minskdə gəlinən razılıqların üstündən xətt çəkilir. Bu isə o deməkdir ki, Ukraynada vəziyyət getdikcə daha da pisləşə bilər.
Bu arada BMT-də Krımdakı vəziyyəti əks etdirən sənəd qəbul olunub. Qətnaməyə əsasən, Rusiya Krımda insan haqlarını pozur, o cümlədən tatarları diskriminasiya edir. Bundan başqa, rəsmi Moskva yarımadada öz hüquqi prosedurlarını insanlara zorla yeritməyə çalışır (bax: Турция выступила против России в ООН / "gazeta.ru", 21 dekabr 2016). Rəsmi Brüssel də Rusiyaya tətbiq etdiyi sanksiyaların vaxtını Ukrayna məsələsinə görə daha 6 ay uzadıb.
Vurğulanan faktlara dekabrın 25-də daha biri əlavə olunub. İçində çoxlu sayda hərbçi, jurnalist və dövlət adamları olan Rusiyaya məxsus "Tu-154" təyyarəsi Soçidən 5,5 kilometr aralıda qəzaya uğrayıb. Son məlumatlara görə, təyyarə havadaykən partlayıb. Mütəxəssislər "Tu-154"-ün etibarlı olmasını nəzərə alaraq, partlayışın kənar müdaxilə ilə törədildiyi qənaətindədirlər (bax: Источник сообщил об отработке версии теракта на борту Ту-154 / "lenta.ru", 25 dekabr 2016).
Təyyarədə olan 64 hərbçi Suriyaya uçurmuşlar. Hmeymim hərbi bazasında rus əsgərlərə Yeni il konserti veriləcəkmiş. Ancaq təyyarənin partlaması tamamilə başqa əhval-ruhiyyə yaradıb. Əgər bu, terror aktı idisə, Suriyada vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırmaq olar. Ekspertlər hesab edirlər ki, müxalif qüvvələr Moskvaya Hələbi bağışlamayacaqlar. Mümkündür ki, Rusiyanın öz ərazisində terror aktları baş versin.
Belə qənaətə gəlmək olar ki, ABŞ-la Rusiya arasında hərbi güclə bağlı mübahisələrin intensivləşdiyi bir vaxtda maraqlı geosiyasi hadisələr baş verir. Suriyada Hələb B.Əsədin əlinə keçir, Əl-Babda Türkiyə uğur qazanır, BMT-də Krımla bağlı Rusiyanın əleyhinə qətnamə qəbul edilir, Ukraynada hərbi toqquşmalar şiddətlənir və Rusiyaya məxsus hərbi təyinatlı təyyarə göydə partlayır (yaxud partladılır). Bu proseslər cəm halında hansısa riskli mənzərənin yaranmaqda olduğundan xəbər verir. Onun mərkəzində, fikrimizcə, Yaxın Şərqdə baş verən hadisələr dayanır. Konkret olaraq, Qərb təşəbbüsün Rusiyanın əlinə keçməsinə ciddi maneələr törədir.
Bunun fonunda çoxlu sayda gözlənilməz hadisələr özünü göstərə bilər. Mümkündür ki, İsrail də bu proseslərə cəlb edilsin. Lakin əsas aktorlar Amerika, Rusiya və Avropadır. Onların arasında Suriya və İraq cəbhəsində nələrin baş verəcəyindən çox məqamlar asılıdır. Burada Türkiyənin də getdikcə daha böyük ölçüdə qlobal geosiyasi mübarizəyə qatıldığını demək lazımdır. Rəsmi Ankara Yaxın Şərqdə uğurlu hərbi-diplomatik addımlarını atmaqdadır. Gözləniləndir ki, bu proses son hadisələrin fonunda yeni səviyyəyə yüksəlsin. Hər nə olsa da, artıq Türkiyəyə dünyanın ən güclü dövlətləri belə "sən kimsən" məntiqi ilə yanaşa bilmirlər. Deməli, regionda qüvvələr nisbəti yenidən dəyişə bilər. Bu kontekstdə İran, Səudiyyə Ərəbistanı, Qətər və Misirin hansı keyfiyyətdə bu oyunda iştirak edəcəyi də maraq doğurur.
Yuxarıda vurğuladığımız məqamlar bağlılığında ən təhlükəli tendensiyalardan biri ABŞ-la Rusiya arasında silahlanma yarışının növbəti dəfə alovlana bilməsi ilə əlaqəlidir. Belə görünür ki, D.Tramp bu variantı istisna etmir. Əgər həmin proqnoz özünü doğrultsa, bütövlükdə bəşəriyyət daha mürəkkəb risklərlə üzləşə bilər. Çünki təcrübə göstərir ki, hərbi güc faktoru önə çıxdıqda, daha amansız və güzəştsiz rəqabət başlayır.
Newtimes.az