“Saytların dil mənzərəsi” mövzusunda “dəyirmi masa” keçirilib – FOTO
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə dilçi alimlər və sayt rəhbərləri ölkə saytlarının dili ilə bağlı aparılmış monitorinqin nəticələrini müzakirə ediblər. İnstitut direktorunun müavini Baba Məhərrəmli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən söz açıb.
İnstitutun monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva dilin tətbiqi ilə bağlı müxtəlif istiqamətlərdə monitorinqlərin keçirildiyini, eləcə də Bakıda küçə adları, afişalar, reklam lövhələrinin dil xüsusiyyətləri üzərində müşahidələrin aparıldığını bildirib.
Sonra institutun aparıcı elmi işçisi Şahlar Məmmədov müşahidə olunan dil qüsurları ilə bağlı “Qaynar xətt”ə daxil olan müraciətlər barədə məlumat verib. Bildirilib ki, bu gün əksər saytlarda dil normaları pozulur, əlifbamızda olmayan hərflər yazı prosesində müşahidə edilir.
Ş.Məmmədov vurğulayıb ki, əsas etibarilə AZƏRTAC və APA informasiya agentliklərində ədəbi dil qaydalarına riayət olunur.
AZƏRTAC