Ankarada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub - FOTO
Azərbaycanın Türkiyədəki səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qardaş ölkələrimizin dövlət himnləri səsləndirilib.
Sonra 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən sənədli film nümayiş olunub.
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvar, Türkiyə Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş direktoru Şefik Vural Altay, qardaş ölkənin Azərbaycandakı keçmiş səfir İsmail Alper Coşkun, professor Aygün Attar, tələbələr, kursantlar çıxış ediblər.
20 Yanvar faciəsi barədə məlumat verən səfir Faiq Bağırov ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən bu tarixi cinayəti törədənləri ifşa etməsindən, sonrakı illərdə Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamentində hadisəyə hüquq-siyasi qiymət verilməsindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
Çıxışlarda diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının XX əsrdə qarşılaşdığı bütün siyasi haqsızlıqlara kəskin etirazı idi. Milli azadlıq tələbi ilə çıxış edən xalq Dağlıq Qarabağın Azərbaycandan qoparılması siyasətinə etiraz edərək küçə və meydanlara axışaraq haqq səsini ucaldıb. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini əbədiyyətə qədər uca tutacaq.
Sonra Türkiyənin əmək və sosial təminat naziri Mehmet Müezzinoğlunun tədbir iştirakçılarına məktubu oxunub.
Tədbirin sonunda iştirakçılar Qanlı Yanvar hadisələrinin əks etdirən sərgi ilə tanış olublar.
İştirakçılara "İrs" jurnalının nüsxələri və 20 Yanvar faciəsi ilə bağlı materiallar təqdim paylanılıb.
АZƏRTAC