Gürcüstan prezidenti Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfirini qəbul edib
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili yanvarın 20-də Azərbaycanın bu ölkədə yeni təyin olunmuş səfiri Dursun Həsənovu qəbul edib.
Səfir Dursun Həsənov etimadnaməsini Prezident Giorgi Marqvelaşviliyə təqdim edib.
Gürcüstan Prezidenti Dursun Həsənovu yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
D.Həsənov etimadnaməsini qəbul etdiyinə və səmimi qəbula görə təşəkkürünü bildirib. Səfir fəaliyyəti dövründə strateji tərəfdaş olan ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə çalışacağını bildirib.
Giorgi Marqvelaşvili ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, regionda birgə həyata keçirdiyimiz energetika, nəqliyyat, ticarət layihələrinin əhəmiyyətindən danışıb, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib.
Diplomat əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını qeyd edib.
1news.az