Azərbaycanda avtomobil istehsalı artıb, içki və tütün məmulatlarının istehsalı isə azalıb
2016-cı ildə Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 32,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,4 faiz az sənaye məhsulu istehsal edilib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2016-cı ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə bağlı hesabatında qeyd olunub.
Məlumata görə, sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalıb.
Emal sektorunda qida məhsullarının istehsalı 4,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 41,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, kompüter və elektron məhsulların istehsalı 7,4 faiz, elektrik avadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,0 faiz, mebel istehsalı 9,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7 faiz artıb.
Eyni zamanda, içkilərin istehsalı 10,0 faiz, tütün məmulatlarının istehsalı 13,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9 faiz, poliqrafiya məhsullarının istehsalı 12,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 12,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı isə 14,9 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,7 faiz azalıb.
Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artıb, neft sektorunda isə 1,1 faiz azalma qeydə alınıb.
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2017-ci il vəziyyətinə 374,4 milyon manatlıq hazır məhsul olub.
1news.az