Heç bir kənar qüvvə Azərbaycanı istəmədiyi layihəyə cəlb edə bilməz - TƏHLİL
“Bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək kredit qarşılığında Azərbaycana təzyiq göstərməyə və öz tələblərini təmin etməyə çalışıblar”.
1news.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bildirib.
Azərbaycana müxtəlif vasitələrlə təzyiq göstərmək istəyənlərə ölkə başçısı bu ifadə ilə sərt cavab vermişdi:
“Heç bir kənar qüvvə Azərbaycanı istəmədiyi layihəyə cəlb edə bilməz. Azərbaycan iqtidarı üçün əsas dövlətin, xalqın maraqlarıdır”.
Bu bəyanatdan bir daha məlum olur ki, Azərbaycanın həyata keçirdiyi və qoşulduğu layihələr ümumi marağa xidmət edir. Belə layihələrdən ən mühümlərindən biri Azərbaycanın nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsidir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə çalışan Azərbaycan, neft asılılığından çıxaraq ticarət əlaqələrini genişləndirmək niyyətindədir.
Prezident öz çıxışında bildirmişdi ki, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirib və bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcək:
“Milyonlarla ton yük Azərbaycan ərazisindən keçəcək və minlərlə iş yeri yaradılacaq. Bu layihənin icrası ilə Naxçıvan da dəmiryolu blokadasından çıxarılacaq”.
Azərbaycan iqtisadiyyatına yeni nəfəs verəcək digər layihə isə Bakı-Tbilisi-Qars dəmir yoludur. Yolun tikintisi ilə bağlı Azərbaycanın üzərinə düşən vəzifə yerinə yetirib.
Su yolu ilə də ticarət əlaqələrini genişləndirən Azərbaycan, bu məqsədlə Ələt Beynəlxalq Dəniz Limanını tikir. Bu layihənin də birinci mərhələsinin tikintisinin bu il başa çatdırılması nəzərdə tutulub.
Yuxarıda qeyd edilən nəqliyyat dəhlizi layihələri icra mərhələsinə keçdikdən sonra Azərbaycanın istehsal etdiyi məhsulların xarici bazarlara rahat çıxışının təmin edilməsi, həmçinin turizmin də inkişaf edəcəyi gözlənilir.
Politoloq, millət vəkili Elman Nəsirov prezidentin çıxışını şərh edərək neft asılılığından çıxmaq üçün aparılan siyasətin nəticə verməkdə olduğunu bildirib:
“Cənab Prezident rəsmən elan edib ki, Azərbaycanda neft erası başa çatıb. Nazirlər Kabinetinin son iclasında da Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet kimi müəyyənləşdirib.
Qeyri-neft sektorunun inkişafı Azərbaycanın ixrac yönümlü iqtisadiyyatının yaranması məsələsini özündə ehtiva edir. Hazırda Azərbaycan idxaldan asılılığı minimuma endirmək siyasətini həyata keçirir. Qeyri-neft sektoru deyiləndə turizm, kənd təsərrüfatı, nəqliyyat kimi sahələr ön plana keçir”.
Azərbaycanın Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin mərkəzində yerləşməsinin unikal imkanlar yaratdığını söyləyən politoloq, Prezident İlham Əliyevin Davos forumundakı çıxışını xataraladaraq Azərbaycanın Şimal-Cənub dəhlizinin həyata keçirilməsində çox mühüm tərəf olduğunu söyləyib:
“Azərbaycana bu layihə ilə çox mühüm gəlir əldə edə biləcək. Bu da Azərbaycanın neft asılılığından çıxmasına böyük dəstək olacaq.
Cənab Prezident dəfələrlə qeyd edib ki, Azərbaycanın qonşu ölkələrlə çox sıx əməkdaşlığı, ikitərəfli münasibətləri olduğu üçün bu layihələr baş tutur. Bu bizim ən böyük üstünlüklərimizdən biridir.
Şimal-Cənub dəhlizi üzərində müxtəlif mədəniyyətlərin, sivilizasiyaların olduğu ölkələr var. Bu layihənin reallaşdırılması da müxtəlif xalqların harmonik yaşayışına müsbət təsir edəcək və onları bir-birinə daha da yaxınlaşdıracaq”.
E.Nəsirov bu il Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi və digər layihələrin də yaxın perspektivdə baş tutmasından sonra Azərbaycanın neftin qazandığı gəlirdən daha çoxunu qazanacağını bildirib. Politoloq hesab edir ki, bu dəhlizlərin işə düşməsi sayəsində Azərbaycan idxalla yanaşı, həm də öz məhsullarını rahat şəkildə ixrac edə biləcək.
Azərbaycanı heç kəs istəmədiyi və maraqlarına uyğun olmadığı layihəyə cəlb edə bilməyəcəyini deyən millət vəkili sözlərinə əlavə edib ki, ölkə başçısı Azərbaycan millətinin, xalqının mənafeyinə söykənən müstəqil siyasət yürüdür:
“Belə siyasət nəticəsində beynəlxalq aləmdəki mövqeyimiz də güclənib və Azərbaycana etibarlı tərəfdaş kimi baxırlar. Eyni zamanda, bu siyasətə görə islamafob qüvvələrin hədəfinə də çevrilmişik. Onlar həzm edə və anlaya bilmirlər ki, Azərbaycanın özü böyük olmasa da, sözünün çəkisi müsəlman dünyasında böyükdür.
Azərbaycan siyasəti sistemli və bir-birini tamamlayan addımlardan ibarətdir. Böyük strateji planlar olan yerdə Ələt Beynəlxalq Dəniz Limanının tikilməsi də çox məntiqi addımdır. Azərbaycan bu layihələrlə həm quru, həm də dəniz yolu ilə ticarət əlaqələrini genişləndirərək öz hədəflərinə çatmaqdadır”.
Fərid Ədalət