Tarix İnstitutunda “Azərbaycan tarixi” üçcildliyi nəşr ediləcək
Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
1news.az-ın məlumatına görə, Elmi Şuranın iclasında Tarix İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planı təsdiq olunub. Plana əsasən, institutda 3 cildlik “Azərbaycan tarixi”, Zəngəzur tarixi, Şəki tarixi çap olunacaq.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, “Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqət Azərbaycanın tarixi torpaqlarının tədqiq olunmasına yönəldiləcək: “Bizim heç kəsə ərazi iddiamız yoxdur. Ancaq öz tariximizə sahib çıxırıq. Tarixi torpaqlarımızın: İrəvanın, Zəngəzurun, Göyçənin və digər tarixi ərazilərimizin keçmişini araşdırırıq”.
İclasda bildirilib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Qeyd olunub ki, indiki Ermənistan Respublikasının ərazisi 1918-ci ilə qədər Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.
Toplantıda bildirilib ki, Avstriya, Polşa, Pakistan və digər ölkələrin elmi müəssisələri ilə əməkdaşlığın qurulması planlaşdırılır.
İnstitut direktoru iclasda elan edib ki, bu ilin aprelində türk-müsəlman əhaliyə qarşı soyqırımlarına həsr olunmuş sayca 4-cü beynəlxalq elmi konfrans olacaq: “Bu konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alimlər iştirak edəcək və ermənilərin azərbaycanlılara, ümumilikdə türk-müsəlman xalqlarına qarşı həyata keçirdikləri deportasiya və soyqırımlarından danışılacaq”.
İclasda çıxışı zamanı Y.Mahmudov bildirib ki, bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb: “İnstitutun “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsi bu məsələ ilə bağlı mətbuatda öz kəskin etirazını bildirərək Azərbaycan və rus dillərində bəyanat yayıb”.
1news.az