Müdafiə Nazirliyi: Aprel döyüşlərində 320-dən artıq düşmən məhv edilib
Ermənistan Silahlı Qüvvələri hərbi tibb idarəsinin rəisi Kamavor Xaçatryanın öz ordularındakı yaralılar barədə verdiyi rəqəmlər obyektivliyi qətiyyən əks etdirmir.
Bu haqda aprel döyüşlərində Ermənistan ordusunun itkilərinin guya az olması barədə K.Xaçatryanın fikirlərinə dair Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a daxil olan açıqlamada məlumat verilib.
Nazirliyin məlumatında qeyd olunub ki, yalnız aprel hadisələri zamanı döyüşlərdə 320-dən artıq düşmən məhv edilib və 500-dən artıq erməni hərbi qulluqçusu yaralanıb. Hətta bəzi erməni müstəqil hərbi ekspertləri də Azərbaycan tərəfinin səsləndirdiyi bu rəqəmlərin həqiqətə daha çox uyğun olduğunu çıxışlarında dolayısı ilə təsdiqləyiblər.
“Hazırda aprel döyüşləri zamanı ağır yaralanan 150-dək erməni hərbi qulluqçusunun Ermənistanın müxtəlif hərbi tibb müəssisələrində və bir sıra xarici ölkələrdə müalicəsi davam edir.
Onu da əlavə edək ki, cari ilin hələ sona çatmayan yanvar ayı ərzində Ermənistan silahlı qüvvələrinin itkilərinin sayı artıq 10-u keçib”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
1news.az