Daxili İşlər Nazirliyində geniş Kollegiya iclası keçirilib - FOTO
Yanvarın 27-də Daxili İşlər Nazirliyində 2016-cı ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində daxili işlər orqanlarında da fəaliyyətin təkmilləşdirilməsi, əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, həmçinin, asayişin, təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması və digər sahələrdə qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası tam təmin edilib. Qeyd olunub ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqedə olub, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı azalaraq 277-dən 271-ə enib.
Hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri deyib ki, 2016-cı ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.611 cinayət qeydə alınıb. Onların 94 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 85,4 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14,6 faizini ağır və xüsusilə ağır növlər təşkil edib.
Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ağır və xüsusilə ağır növləri 2015-ci illə müqayisədə 1,8 faiz, qəsdən adam öldürmə və ona cəhdlər 13,4 faiz, quldurluqlar 21,8 faiz, soyğunçuluqlar 3,8 faiz, odlu silahla törədilən cinayətlər 37 faiz, ictimai yerlərdə baş verən cinayətlər 12,7 faiz, avtonəqliyyat vasitələrinin qaçırılması 17,5 faiz, yol-nəqliyyat hadisələri 9,6 faizi, qəzalarda ölənlərin sayı 15,1 faiz, yaralananların sayı isə 11,6 faiz azalıb. Əhalinin hər 100 min nəfərinə nisbətdə qəsdən sağlamlığa ağır zərər vurmalar 3,6 fakt, soyğunçuluqlar 3,3 fakt, oğurluqlar 73 fakt təşkil etməklə əksər Avropa dövlətləri ilə müqayisədə dəfələrlə azdır.
Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 3,6 faiz, onlardan soyğunçuluqların açılması 15,2 faiz, quldurluqların açılması 10,2 faiz, oğurluqların açılması 3,8 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 4,7 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilərək 323 cinayətin açılması təmin edilib.
Məruzəçi hüquqpozmaların qarşısının vaxtında alınmasında informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyətinin olduğunu qeyd edib. Nazirliyin “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilən operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 1.268 cinayətin “isti izlərlə” açıldığı, 9.289 hüquqazidd əməlin qarşısının alındığı bildirilib.
“Təhlükəsiz şəhər” sisteminin texniki imkanları ilə 481 cinayət açılıb, piyadaların vurulması faktları da daxil olmaqla 14.668 yol-nəqliyyat hadisəsi aşkarlanıb, axtarışda olan 122 avtomobil saxlanılıb. Ümumən, 2015-ci illə müqayisədə hesabat ilində cinayətlərin açılması yaxşılaşaraq 83,2 faiz təşkil edib.
Hüquqazidd əməllərdən zərərçəkənlərin qanuni mənafelərinin müdafiəsində və ədalətin bərpasında mühüm əhəmiyyət kəsb edən cinayətə görə cəzanın labüdlüyünün təmin edilməsi üzrə fəaliyyət də nəzarətdə saxlanılıb, məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3018 nəfər tutulub.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 75 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 37 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarış işinin nəticələri müqayisə edilən dövrə nisbətdə 2,4 faiz yaxşılaşaraq 71,5 faiz təşkil edib. Eyni zamanda, müxtəlif cinayətlər törətmiş 13.911, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2429 şəxs məhkəmə məsuliyyətinə cəlb olunub.
Mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2755 cinayət törətmiş 1032 qrup zərərsizləşdirilib.
Daxili işlər naziri qeyd edib ki, dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 33 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 47 min manat, 10 min ABŞ dolları və 9 min 500 avro olan 931 ədəd müxtəlif nominalda saxta əskinas, habelə istifadə müddəti ötmüş 35 tondan çox yeyinti məhsulu və tikinti materialı çıxarılıb. Bununla yanaşı, valyuta qanunvericiliyinin tələblərini pozmaqla ümumilikdə 195.650 ABŞ dolları və 30.000 avro satan 7 şəxs saxlanılıb, toplanmış materiallar aidiyyəti üzrə Vergilər Nazirliyinə göndərilib, daha 262 şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.
Dini ekstremizmə qarşı mübarizə tədbirləri də davam etdirilərək əsas diqqət dini radikalizmin və dini fanatizmin təbliğatını aparan, vətəndaşları ölkə hüdudlarından kənarda silahlı münaqişələrə cəlb edən şəxslərin müəyyənləşdirilməsinə yönəlib. Bu cür əməllərə görə 35 şəxs cinayət, 223 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlardan 4 avtomat, 4 tapança, 34 ədəd əl qumbarası, 7 kq partlayıcı maddə, çoxlu sayda döyüş sursatı, minlərlə qanunsuz dini ədəbiyyat, elektron daşıyıcılar və s. aşkarlanaraq götürülüb.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 2015-ci illə müqayisədə 123 kiloqram çox, bütövlükdə, 934 kq narkotik vasitə çıxarılıb, 70 cinayətkar qrup zərərsizləşdirilib, 2573 nəfər məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 148 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
İnsan alverinə qarşı mübarizədə 2015-ci illə müqayisədə ötən il 29,4 faiz çox və ya 141 cinayət müəyyən edilib, 22 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 70 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 34.126 cinayət işinin istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Araşdırılmış cinayət işlərinin 42,8 faizinin istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi isə 6,2 faiz yaxşılaşaraq 70,4 faiz təşkil edib.
Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş 165 min 939 cinayət xarakterli məlumatın 91 faizi təhqiqatçılar tərəfindən araşdırılıb ki, bu da 2015-ci illə müqayisədə 29 faiz çox olub.
Məruzəçi yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq dördüncü ildir ki, nəzərəçarpan azalmanın müşahidə olunduğunu xatırladıb.
Yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 13 faiz artaraq 2.861.880 inzibati xəta təşkil edib. O cümlədən sürət həddinin aşılması ilə bağlı təxminən 2 dəfə, piyadar tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar 20 faiz, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı isə 37 faiz çox fakt müəyyən olunub. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2015-ci illə müqayisədə 12,5 faiz çox və ya 2.970.367 protokol tərtib edilib. Nəticədə 2.884.578 nəfər cərimələnib, 3.858 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 47.236 şəxsə xəbərdarlıq edilib.
O da qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2016-cı ildə də mühüm tədbirlər həyata keçirilib.
Sistemli şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin effektivliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu və mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə yüksəlib.
Ölkəmizdə ictimai asayişin qorunmasında böyük rolu olan Əlahiddə Çevik Polis Alayı qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirib, habelə xüsusi təyinatlı bu nizami polis hissəsinin əməkdaşları tərəfindən müxtəlif cinayətlərə görə 804 nəfər, həmçinin inzibati xəta törətmiş 28 min şəxs saxlanılıb.
General-polkovnik Ramil Usubov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb, bu sahədə mühüm vəzifələr keçən ildə də tam və ardıcıllıqla yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 3.248, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 2.164 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.
Kollegiya iştirakçılarının nəzərinə çatdırılıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qanunçuluğun qorunması sahəsində xidməti vəzifələrin icrasına da tələbkarlıq artırılıb. Nəticədə insan hüquq və azadlıqlarının pozulması faktlarının sayı 10,9 faiz, o cümlədən əsassız saxlamaların sayı 33,3 faiz, kobud rəftar halları isə 41,3 faiz azalıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayının 29 faiz, həmin əməllərə yol vermiş əməkdaşların sayının 13 faiz azalması və bu təmayülün son 3 ildə davamlı xarakter alması qeyd olunub.
Bununla belə, daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb, onlardan 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib.
Nazir bildirib ki, kadrlarla iş və şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması sahəsində fəaliyyət də nəzarətdə saxlanılıb. Peşə hazırlığının artırılması üzrə davam etdirilən tədbirlərlə 18 mindən artıq əməkdaş müxtəlif təlimlərə, ixtisasartırma kurslarına və beynəlxalq treninqlərə cəlb olunub.
Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini diqqətə çatdırıb. Respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təklükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyi nəzərə çatdırılıb.
Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Oqtay Kərimov və başqaları hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.
İclasa yekun vuran daxili işlər naziri 2016-cı ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu da nəzərə çatdırıb, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.
Nazir yerlərdə münaqişəli ailələrin vaxtında uçota götürülməsini, barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin, əvvəllər məhkum olunmuş şəxslərlə profilaktikanın, eləcə də, yol hərəkətinə nəzarət tədbirlərinin, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, xüsusən güclü təsirə malik narkovasitələrin aşkarlanması işinin gücləndirilməsini, həmçinin, istintaq və təhqiqat aparatının cinayətkarlığa qarşı mübarizədə aparıcı rolunun, cavabdehliyinin və peşəkarlığının, aidiyyati baş idarə və idarələr tərəfindən ərazi polis orqanlarına idarəçilik təsirinin artırılmasını tələb edib.
Qeyd olunub ki, 2017-ci ildə qarşıda çox mühüm vəzifələr durur. Cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların tam aradan qaldırılması üçün şəxsi heyət daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməlidir. Cari ildə Bakı şəhərində keçiriləcək “IV İslam Həmrəyliyi Oyunları” və “2017 Formula 1 Azərbaycan Qran Pri”si kimi beynəlxalq əhəmiyyətli idman yarışları zamanı asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin təmini ilə bağlı planlaşdırılmış bütün təşkilati tədbirlər vaxtında, yüksək səviyyədə yerinə yetirilməlidir.
Daxili işlər naziri, ilk növbədə, xalqa xidmət funksiyalarının, müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin, qanunçuluğun daha da möhkəmləndirilməsinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinin, xidmətdə fərqlənənlərin həvəsləndirilməsinin zəruriliyini vurğulayıb.
Kollegiya iştirakçılarının diqqətinə çatdırılıb ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş uğurların inkişaf etdirilməsi, xidməti fəaliyyətdə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün daxili işlər orqanları daha böyük əzmlə çalışmalı, peşəkarlığını yüksəltməli, həyata keçirilən tədbirlərin effektivliyi artırılmalıdır.
Nazir şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin edib ki, qarşıya qoyulan tapşırıqlar bundan sonra da tam və layiqincə yerinə yetiriləcək, əməkdaşlar və hərbi qulluqçular sabitliyin və hüquq qaydasının keşiyində hər zaman sayıqlıqla dayanacaqlar.