Mübariz Əhmədoğlu: Ağdərə ərazisində tikinti işləri başlanıla bilər
Azərbaycan Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam verməsi Dağlıq Qarabağ müharibəsi nəticəsində yurdlarından qovulmuş azərbaycanlıların Dağlıq Qarabağa qayıtması işində ciddi dönüş yaradan məsələdir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu yaxın günlərdə Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması xəbəri şərh edərkən bildirib:
“Bu həm də Dağlıq Qarabağın işğaldan azad edilməsi istiqamətində qeyri-hərbi, siyasi-diplomatik mübarizə vasitələrindən biridir. Hadisələrin inkişafı göstərir ki, Azərbaycan müəyyən bir zaman kəsiyindən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin(DQMV) inzibati ərazisinə daxil olan işğaldan azad edilmiş torpaqlarda da tikinti-quruculuq işlərinə başlaya bilər.
Keçmiş DQMV-nin inzibati ərazisinə daxil olan Ağdərədə işğaldan azad olunmuş torpağın sahəsi aprel döyüşlərindən sonra artıb. Ağdərə ərazisində tikinti işlərinə orada başlamaq olar. Bu Dağlıq Qarabağın azərbaycanlı icması üçün inzibati bina tikintisi və infrastruktur yaradılması ola bilər. Ağdərədən olan məcburi köçkünlər üçün evlər tikilə bilər. Bu istiqamətdə aparılan işlər Dağlıq Qarabağ torpağını işğaldan azad etmək istiqamətində Azərbaycan siyasi iradəsini göstərir”.
Politoloq qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev hərbçilərlə son görüşündə yeni siyasi addımların atılacağını bildirmişdi:
“Prezident həmişə sözünü, vədini tutur. Bu da onun bir nümunəsidir. Həm də bəllidir ki, Ermənistan prezidenti Serj Sərkisyan vaxtilə Ağdamı xarabaya çevirməsi ilə öyünmüşdü. Ağdamı xaraba qoyduğunu etiraf edən S.Sərkisyan Azərbaycanın digər ərazilərini də o günə salmaq istəyirdi. Xarabalıq psixologiyasının daşıyıcısı olan S.Sərkisyan bu gün Ermənistanı xaraba vəziyyətinə salıb.
Xaraba qoymaq prezident S.Sərkisyanın xislətidir. Ona görə bütün işğal olunmuş ərazilərdə, o cümlədən Dağlıq Qarabağın özündə tikinti-quruculuq işləri aparılarkən S.Sərkisyanın bunları dağıtmaq istiqamətində təxribatlara əl atacağını da unutmuruq”.
Mübariz Əhmədoğlu bildirib ki, S.Sərkisyan belə addım atacağı təqdirdə Azərbaycanın daha çox əraziləri işğaldan azad ediləcək və Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin əleyhinə olanlar da belə vəziyyətdə Azərbaycanın geniş miqyaslı müharibə aparması zərurətini başa düşəcəklər.
1news.az